"Həyəcanverici qrupa düşdük. Portuqaliya Avropa çempionu və Millətlər Liqasının qalibidir. Serbiya yaxşı heyətə sahibdir".
"Report"un məlumatına görə, bu fikirləri İrlandiya millisinin baş məşqçisi Stiven Kenni yerli federasiyanın rəsmi saytına açıqlamasında DÇ-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib. "Qrupumuzda Lüksemburq və Azərbaycan yığmaları da var. Hər ikisi son vaxtlar inkişaf etmiş komandalardır".
Kenni beş komandalı qrupun özəlliklərindən danışıb: "Bu, martda 3 oyun pəncərəsinin, 3 rəqabətli matçın olmaması deməkdir. Müsbət haldır və düşünürəm ki, marta qədər millidə çox oyunçumuz olacaq. Son bir neçə ayda on futbolçuya beynəlxalq arenada debüt imkanı verdik. Təcrübəlilərlə birlikdə martda heyətimiz çox güclü olacaq. İnanıram ki, bu müddət ərzində pandemiya ilə bağlı müsbət irəliləyiş olacaq və möhtəşəm azarkeşlərimiz tribunalara qayıdacaq".
Qeyd edək ki, İrlandiya yığması Serbiya, Portuqaliya, Lüksemburq və Azərbaycan millisi ilə birlikdə A qrupunda qərarlaşıb.