“Open Stadiums” qadın hüquq müdafiə təşkilatı futbol üzrə İran millisinin 2022-ci il dünya çempionatına buraxılmaması xahişi ilə FİFA-ya müraciət edib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Təşkilatın nümayəndələri FİFA rəhbəri Canni İnfantinoya məktub yazaraq, İran hakimiyyətinin futbola baxmaq istəyən qadınlara münasibətindən şikayətləniblər.
“İran Futbol Federasiyası… İranda və komandamızın oynadığı dünyanın hər yerində qadın azarkeşlərin təhlükəsizliyinə birbaşa təhdiddir. Futbol hamımız üçün təhlükəsiz məkan olmalıdır.
Buna görə də biz FİFA-dan öz nizamnaməsinin 3-cü və 4-cü maddələri əsasında İranı dərhal Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatından kənarlaşdırmasını xahiş edirik”, - hüquq müdafiəçiləri bildiriblər.
Qeyd edək ki, futbol üzrə dünya çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. İran millisi İngiltərə, ABŞ və Uelslə bir qrupda çıxış edəcək.