İdman ictimaiyyəti və jurnalistlər üçün böyük itki

İdman ictimaiyyəti və jurnalistlər üçün böyük itki Azərbaycanın Cüdo Federasiyasının (ACF) baş katibinin müavini Elnur Əşrəfoğlunun vəfatı ölkə ictimaiyyətində böyük təəssüf hissi və məyusluqla qarşılanıb.
Futbol
19 Oktyabr , 2021 22:58
İdman ictimaiyyəti və jurnalistlər üçün böyük itki

Azərbaycanın Cüdo Federasiyasının (ACF) baş katibinin müavini Elnur Əşrəfoğlunun vəfatı ölkə ictimaiyyətində böyük təəssüf hissi və məyusluqla qarşılanıb.

"Report"un məlumatına görə, tanınmış jurnalistlər, AFFA, Premyer Liqa klubları, idman federasiyaları sosial şəbəkələrdə tanınmış jurnalistin vaxtsız ölümü ilə bağlı başsağlığı mesajları paylaşıblar.

Əşrəfoğlunun vafatı jurnalistika və idman ictimaiyyəti üçün ağır itki hesab olunub, insanlar onunla bağlı xoş xatirələrini bölüşüblər.

Ən təsirli məqamlardan biri jurnalistin doğma Zəngilan rayonunun işğaldan azad edilməsinin ildönümündən bir gün əvvəl dünyasını dəyişməsi olub.

Teletənqidçi, əməkdar jurnalist, professor Qulu Məhərrəmli Əşrəfoğlunun güclü, iradəli və enerjili olduğunu, amma bütün gedənlər kimi ölümə müqavimət göstərə bilmədiyini yazıb: "Elnur Əşrəfoğlunun vəfatı bir ailənin, tək bir media camiəsinin deyil, bir məmləkətin itkisidir. Jurnalistikaya 19 yaşında, hələ tələbə ikən mənim yanımda başlamışdı. O vaxt “7 gün” proqramı üçün kiçik süjetlər hazırlayırd. Sonra “Səhər”ə idman şərhçisi kimi çıxdı, ardınca daha böyük arena, daha böyük karyera. Hər yerdə insanlığı, səmimiyyəti və peşəkarlığı ilə insanların məhəbbətini, təmənnasız sevgisini qazandı. Gözəl balamız bu dünyadan köçdü, atası Əşrəf müəllimə, doğmalarına təsəlli verəcək bir şey vardırsa, o da insanların Elnura olan sevgisidir".

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla mərhum jurnalistlə bağlı təəssüfünü 2 təsirli cümlə ilə ifadə edib: Özü gəlib deyə ki, yalandır. Həmişə güldürən adam necə yandıra bilərmiş".

"CBC Sport" telekanalının şərhçisi Elnur Məmmədli adaşı və həmkarı barədə bunları paylaşıb: "Bu gün onun sevimli komandası - "Liverpul" oynayır. Və iş elə gətirib ki, həmin oyunu mən şərh edəcəyəm. Çətindir... Biləndə ki, artıq sən yoxsan. Sözün hər mənasında sənətkar deyə biləcəyimiz Elnur Əşrəfoğlu da bizi tərk etdi. Bu gün bütün qollar sənin xatirənə! Sən isə son qolunu vura bilmədin".

Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) idarə heyətinin üzvü, televiziya aparıcısı Sənan Şəfizadə Əşrəfoğlunun ölümünə inanmaq istəmədiyini vurğulayıb: "Adam növbəti yalan xəbər kimi qəbul edir. Son illər ürəyindəkiləri danışdığın bir-iki adamdan olmuşam. Deyirdin, getdiyin 102 ölkənin sayını artıracaqsan. Amma arzular yarımçıq qaldı. Yeni TV layihələr, cüdo yarışları, 2 və 5-ci günlər futbollar, oyundan sonra "Avalon"dakı məclislər, Paris olimpiadası və nəhayət Mətinlə Zuzunun xeyir işləri. Çox təəssüf"…

Paylaşımlardan da göründüyü kimi, Elnur Əşrəfoğlu təkcə jurnalist keyfiyyətləri deyil, digər müsbət xüsusiyyətləri ilə insanların xatirəsində daim yaşayacaq.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi