AFFA İcraiyyə Komitəsinin iclası keçirilib, Canni De Byazi vəzifəsində qalacaq - YENİLƏNİB-2

AFFA İcraiyyə Komitəsinin iclası keçirilib, Canni De Byazi vəzifəsində qalacaq - YENİLƏNİB-2 AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib.
Futbol
13 Aprel , 2023 14:24
AFFA İcraiyyə Komitəsinin iclası keçirilib, Canni De Byazi vəzifəsində qalacaq - YENİLƏNİB-2

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Milli assosiasiyadan “Report”a verilən məlumata görə, toplantıda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi tərəfindən AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya (1:4) və İsveç (0:5) yığmalarına qarşı keçirilmiş oyunlarla bağlı ətraflı hesabat təqdim olunub.

Hesabat dinlənildikdən sonra İcraiyyə Komitəsinin üzvləri tərəfindən uğursuz nəticələrlə əlaqədar baş məşqçiyə iradlar səsləndirilib, hər iki oyunun ciddi təhlil olunmasının, yol verilmiş səhvlərin gələcək matçlarda təkrarlanmamasının vacibliyi bildirilib.

Eyni zamanda, qeyd olunub ki, yığmaya cəlb olunan futbolçuların millinin oyunlarına daha məsuliyyətlə yanaşması, qarşılaşmalara hazırlıq və oyunlar zamanı vətənpərvərlik hisslərinin yüksək olması və klubların da bu prosesdə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməsi vacibdir.

İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov rəhbərlik etdiyi federasiyanın fəaliyyəti barədə qısa məlumat verib, futzal üzrə milli komandanın heyətinin komplektləşdirilməsi və ölkə çempionatı ilə əlaqədar təkliflər səsləndirib.

İclasın sonunda Klublar Komitəsi tərəfindən İcraiyyə Komitəsinə ünvanlanmış təkliflər barədə məlumat verilib. Müvafiq təkliflərə yaxın günlərdə münasibət bildiriləcəyi qeyd olunub.

12:25

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi postunda qalacaq.

Bu barədə "Report"a qurumun İcraiyyə Komitəsinin üzvü Zaur Axundov açıqlama verib.

O bildirib ki, italiyalı mütəxəssisin hesabatı dinlənildikdən sonra baş məşqçi vəzifəsində saxlanılması barədə qərar qəbul olunub.

12:24

AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib.

"Report"un məlumatına görə, toplantı qurumun inzibati binasında baş tutub.

İclasda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün ilk iki oyunu ilə bağlı hesabat verib. Bundan əlavə, digər məsələlər də müzakirəyə çıxarılıb.

İtaliyalı mütəxəssis yığıncağı İK üzvlərindən bir saat əvvəl tərk edib.

Toplantıda İK üzvü Mahir Məmmədov iştirak etməyib. O, "Report"a verdiyi açıqlamada bildirib ki, Tbilisi - Bakı üzrə səhər reysi təxirə salındığı üçün Gürcüstandan gələ bilməyib.

Yekun qərarların yaxın saatlarda açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi