Bakı. 4 mart. REPORT.AZ/ “Hamımız qələbə istəyirdik. Bu gün qalib gəlsəydik, hər şey başqa cür olacaqdı, vəziyyətimiz yaxşılaşacaqdı. Amma "Qəbələ" güclü rəqiblərdən biridir”.
"Report" xəbər verir ki, bunu Bakının "İnter" klubunun kapitanı Nizami Hacıyev Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində "Qəbələ" ilə oyundan sonra (0:2) mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb:
Əvəzlənməyiniz zədə ilə bağlı idi yoxsa necə?
- Xeyir. Sadəcə, oyunum bir az alınmadı. Gecə özümü narahat hiss edirdim. Narahat yatmışam.
Bəlkə pulla bağlı problemdir?
- Bu oyunda pul-zad yada düşmür.
Oyuna aqressiv başlamağınız Robert Prosineçkinin sizi milliyə çağırmaması ilə bağlı idi?
- Xeyir. Onsuz da Prosineçkinin kitabı bağlıdır. Sadəcə, hamımız qələbə istəyirdik. Bu gün qalib gəlsəydik, hər şey başqa cür olacaqdı, vəziyyətimiz yaxşılaşacaqdı. Amma "Qəbələ" güclü rəqiblərdən biridir.
"İnter"i arxasınca daşıyan aparıcı futbolçulardan birinin əvəzlənməyini necə qiymətləndirərdiniz?
- Mən baş məşqçinin işinə qarışa bilmərəm. Ola bilər, oyunum kənardan baş məşqçini qane etmədi. Buna görə məni dəyişdi. Bu da normaldır.
Birbaşa paltardəyişmə otağına yollanmağın etiraz kimi qəbul oluna bilərmi?
- Sadəcə, soyuq idi. Gəlib paltarımı dəyişdim. Heç bir etirazdan söhbət gedə bilməz.
Hiss olunurdu ki, komandanız 55-ci dəqiqədən sonra 1 xala oynayır...
- Əksinə, deyərim ki, çempionluğa oynayırdıq. "İnter" tarixində heç vaxt 55-ci dəqiqədə 2 əvəzləmə etməmişdi. Yadıma gəlmir ki, əvvəl belə olsun. Baş məşqçi 5 əvəzləmə edə bilər, bunun kimə nə dəxli var?
Səfərdə "Qarabağ"a qalib gəldiniz, evdə "Qəbələ"yə uduzdunuz...
- Deməzdim ki, "Qəbələ" "Qarabağ"dan güclüdür. Ancaq bu gün "Qəbələ" bizdən güclü idi.
Demək olarmı ki, səhvlərə görə uduzdunuz? Qolda qapıçınız Səlahət Ağayevin də səhvi vardı...
- Futboldur da. Səhvsiz futbolçu olmur ki...Bu gün "Qəbələ" kitabını bağlayıb növbəti oyuna hazırlaşmalıyıq.