I Liqanın iddialı klubları Azərbaycan Premyer Liqasında oynamağa hazırdırlar

I Liqanın iddialı klubları Azərbaycan Premyer Liqasında oynamağa hazırdırlar Yeni mövsümdən Azərbaycan Premyer Liqasında oynamağa namizəd olan aşağı dəstə təmsilçiləri elitaya uyğunlaşmağa hazırdırlar.
Futbol
15 May , 2024 17:48
I Liqanın iddialı klubları Azərbaycan Premyer Liqasında oynamağa hazırdırlar

I Liqanın iddialı klubları Azərbaycan Premyer Liqasında oynamağa hazırdırlar.

Bu barədə “Report”a I Liqada hazırda ilk 3 pillədə qərarlaşan klubların rəsmiləri açıqlama veriblər.

Azər Həşimov (“Qaradağ Lökbatan”ın baş məşqçisi): “Qəbələ”yə görə üzüldüm. Onlara güzəşt edilə bilərdi. Ümid edirəm ki, I Liqada çempion olan komanda Premyer Liqaya yüksələcək. İnfrastruktur məsələsinə gəlincə, aşağı yaş qruplarından ibarət bütün komandalarımız var. İnşallah, rəhbərlik stadion məsələsini də həll edər. İnfrastruktur baxımından problem olacağına inanmıram. Ev oyunlarımızı “Neftçi”nin bazasında keçirirdik. Çünki Lökbatandakı stadionun öt örtüyü yaxşı durumda deyil. Premyer Liqaya yüksəlsək, yəqin ki, hansısa stadionu müəyyən müddətə icarəyə götürəcəyik. Şanslara gəlincə, “Şamaxı” ilə sabahkı oyuna yaxşı hazırlaşmışıq. İnşallah, qələbə qazanıb çempion olacağıq”.

Ramiz Məmmədov (“Şamaxı”nın baş məşqçisi): “AFFA-nın qərarlarına hörmətlə yanaşırıq. Hamısı ölçülüb-biçilmiş, futbolumuzun inkişafına töhfə verəcək qərarlardır. Əlbəttə, istəməzdik “Qəbələ” I Liqaya düşsün. Futbol məskəni olan şəhərin komandasının I Liqada oynaması inandırıcı deyil. Hamının başına gələ bilər. İnşallah, gələn il Premyer Liqaya qayıdarlar. Bu gün bir məqsədimiz var - çempion olmalıyıq. Premyer Liqa üçün infrastruktur yaratmaq lazımdırsa, klub rəhbərliyi onu edəcək. Bu, iki-üç günə mümkün deyil. İnşallah, xeyirlisi olsun”.

Aqşin Mürsəlov (“İmişli”nin icraçı direktoru): “Fərqli qərarlar, komanda sayının artırılmasını gözləyirdik. Çünki proseslər bunu göstərirdi. Futbolumuzda infrastruktur çatışmazlığı var. Bu, Premyer Liqada da belədir. “Araz-Naxçıvan”ın, “Kəpəz”in stadionu yoxdur. İdman prinsiplərinə qalsa, bu komandaları Premyer Liqadan çıxartmalıdırlar.
İnfrastrukurla bağlı bizim də planlarımız var. Maydan sonra istəyirdik ki, ot örtüyünü dəyişək. Bu qərarlardan sonra isə “İmişli”nin Premyer Liqaya çıxması ilə bağlı şans görmürəm. Amma sabah şans yaransa, infrastrukturumuzu Premyer Liqanın tələblərinə tam uyğunlaşdırmağa hazırıq. İstənilən halda, “Şamaxı”nın şansı bizdən həm infrastruktur, həm də turnir cədvəli baxımından daha çoxdur”.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin mayın 13-də baş tutan iclasında idman prinsiplərinin qorunmasının vacibliyi vurğulanıb. Bununla da Azərbaycan Premyer Liqasında sonuncu pilləni tutan komandanın, yəni "Qəbələ"nin I Liqaya düşəcəyi dəqiqləşib. I Liqanın çempionu isə yeni mövsümdən ölkənin əsas çempionatında çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi