“Zaqatala” klubu 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasında iştirakla bağlı AFFA-ya rəsmi müraciət edib.
Bu barədə “Report”a I Liqa təmsilçisinin prezidenti Şaban Şirdanov məlumat verib.
Klub rəhbəri bildirib ki, lisenziya üçün müraciət ediblər: “Zaqatala” klubu həmişə Premyer Liqaya hazırlaşmalıdır. Birinci divizion yaradılan ildən hədəfimiz bu olub”.
Ş.Şirdanov əsas problemin maliyyə ilə bağlı olduğunu etiraf edib: “Premyer Liqada iştirak üçün dövlətin ayırdığı vəsaitlə yanaşı, bir o qədər də sponsor dəstəyi şərtdir. Çünki əsas kollektivlə yanaşı, uşaq komandaları da formalaşdırılmalıdır. Hazırda yalnız 12-13 yaşlılardan ibarət komandamız var. Yuxarı yaş qruplarını formalaşdıra bilmirik. Bu da maliyyə ilə bağlıdır. Premyer Liqa üçün isə aşağı yaş qrupları ilə bağlı da şərtlər var”.
“Zaqatala”nın prezidenti elitaya vəsiqə üçün sona qədər mübarizə aparacaqlarını sözlərinə əlavə edib: “Bundan ötrü mümkün olan bütün vasitələrdən istifadə edəcəyik. “Zaqatala”nın Premyer Liqada çıxış etməsi ölkə futbolu üçün çox vacibdir. Çünki bu bölgədə müasir futbol oynayacaq potensialda uşaqlar çoxdur”.
Qeyd edək ki, “Zaqatala” 12 turdan sonra 16 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.