"Hamısı ciddi rəqiblərdir və reytinqdə də bizdən üstün pillələrdə qərarlaşıblar. Bacardığımızı etməliyik ki, qrupun qalibi olaq".
Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan yığmasının futbolçusu Şəhriyar Rəhimov UEFA Millətlər Liqasının püşkünün nəticəsini dəyərləndirərkən deyib.
31 yaşlı müdafiəçi bildirib ki, rəqibləri əzmkarlıq hesabına üstələmək olar: "Komanda şəklində güclü olmalıyıq. Oyunlara maksimum köklənib, bütün gücümüzü ortaya qoysaq, əzmkarlıq hesabına nəsə edə bilərik. Qrupumuzda aşkar favorit yoxdur. Hamı Monteneqronu fərqləndirir. Çünki onların futbolçuları bir sıra tanınmış liqalarda çıxış edirlər. Amma qrupda hansısa komandanı aşkar favorit olaraq görmürəm. Hamısı aşağı-yuxarı eyni səviyyədədir. Bizə çox çətin və maraqlı qrup düşüb. Hazırda Lüksemburq da yaxşı vəziyyətdədir. Onlar da son vaxtlar inkişafdadır. Lüksemburqa qarşı görüşlər asan olmayacaq. Heç kəs fikirləşməsin ki, Lüksemburqu mütləq udacağıq. Milli səviyyəsindəki oyunlar hər zaman gərgin olur. Məsuliyyətli olmaq vacibdir".
Rəhimov yığmanın Millətlər Liqasının 2018/2019 mövsümündəki rəqiblərini hazırkı komandalarla müqayisə etmək istəməyib: "Bunu müqayisə etmək nə dərəcədə düzgündür, bilmirəm. Biz həmin vaxt D Liqasında idik. Bu il isə C liqasında daha üstün rəqiblərdir. Amma bu, heç nəyi dəyişməməlidir. İlk olaraq öz oyunumuza baxmalı və yaxşı nəticələr üçün mübarizə aparmalıyıq".
Müdafiəçi milli komandada baş məşqçi məsələsi ilə bağlı da danışıb: "Bu ay yoldaşlıq görüşlərimiz olacaq. Yəqin ki, həmin vaxta kimi təyinat olar. Baş məşqçinin yerli və ya əcnəbi olması mənim üçün elə də önəmli deyil. Əsas odur ki, milli üçün uğurlu mütəxəssis olsun".
Qeyd edək ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda Kipr, Lüksemburq və Monteneqro ilə birgə yer alıb.