Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin "Report"a müsahibəsi
- Bu yaxınlarda Türkiyəyə müalicə olunmağa getmişdiniz. Hazırda səhhətiniz necədir?
- Şükür Allaha, indi yaxşıyam. Allah razı olsun!
- Azərbaycan Kubokunun final matçının azarkeşlərlə keçirilməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha hər hansı müraciət gözlənilirmi?
- Bəli, artıq AFFA müraciət edib. Amma hələ cavab yoxdur.
- Müraciətdə azarkeş sayı nə qədər göstərilib?
- Say deməmişik. Yazmışıq ki, nə qədər mümkündürsə, o qədər tamaşaçının buraxılması üçün imkan daxilində kömək edin. Müsbət cavab gələcəyini gözləyirik.
- Finala hazırlıqlar necə gedir: Bu dəfə hansısa yenilik olacaqmı?
- Yeniliyi kim üçün edək, kimə göstərək? Azarkeş olmayacaqsa, stadion boş qalacaqsa, yeniliyin nə mənası var? Bütün bunları fikirləşməliyik. Əlbəttə, fikirləşirik. Lakin dediyim kimi, azarkeşsiz stadionda kimə nə göstərək?
- Operativ Qərargahdan azarkeşlərlə bağlı müsbət cavab gəlsə, necə olacaq?
- O zaman görərsiniz. Ehtiyatda proqramımız var. Razılıq ala bilsək, maraqlı olacaq.
- Çempionatın sponsoru ilə bağlı hər hansı yenilik var?
- Bu gün üçün yoxdur. Heç nə deyə bilmərəm.
- Çempionluqla bağlı proqnozunuzu da bilmək maraqlı olardı. Sona 3 tur qalmış "Qarabağ"la "Neftçi" arasında 1 xal fərq var. Hansı komandanı favorit görürsünüz: Sizcə, qızıl medalların taleyi son oyuna qala bilər?
- Bugünkü durum onu göstərir ki, sonuncu qarşılaşma həlledici olacaq.
- Son turadək heç kimin xal itirməyəcəyini düşünürsünüz?
- Düşünürəm ki, itirsə, hər ikisi itirəcək.
- Ölkə kubokunda "Keşlə" ilə "Zirə"nin, Premyer Liqada isə "Sabah"la "Neftçi"nin oyunlarında gərginlik yaşandı. Xüsusilə, Masazırdakı görüş hakim səhvləri ilə gündəmə gəldi. Bunlara münasibətiniz necə oldu?
- "Sabah" - "Neftçi" oyununda hansı epizoddan danışırsınız?
- "Sabah"ın qapısına təyin olunan penalti, "Neftçi"nin sayılmayan qolu...
- Deməli, hər ikisinə qarşı səhv olub. Ən böyük qalmaqal "Zirə" - "Keşlə" görüşündə oldu. Amma PFL kameralarının çəkdiyi görüntülər göstərdi ki, yan xətt hakiminin verdiyi qərar doğrudur.
- Rəşad Sadıqov gənc mütəxəssisdir, aranızda yaxşı münasibətlər var. Ona emosiyalarını cilovlaması baxımından məsləhətlər verə bilərsiniz?
- Özüm onunla birgə "Neftçi"də çalışmışam. Rəşadın çılğınlığına bəraət qazandırmıram. Amma bu, insanın özündən asılı deyil. Oyun vaxtı həyəcandanmı və ya komandaya olan məhəbbətdənmi deyək, insan özündən çıxır. Özüm də klub rəsmisi kimi elə olmuşam. Lakin sözsüz ki, söhbətimiz olub. İnanıram ki, gələcəkdə daha yaxşı olacaq.