Hannes Halldorsson: “Qarabağ”da yaşadıqlarım böyük həyat təcrübəsi oldu” - MÜSAHİBƏ

Hannes Halldorsson: “Qarabağ”da yaşadıqlarım böyük həyat təcrübəsi oldu” - MÜSAHİBƏ Azarkeşlər onu daha çox 2018-ci ildəki dünya çempionatının Argentina yığmasına qarşı keçirilən qrup oyununda Lionel Messinin penalti zərbəsini dəf etməsi ilə tanıyırlar.
Futbol
2 Avqust , 2023 10:57
Hannes Halldorsson: “Qarabağ”da yaşadıqlarım böyük həyat təcrübəsi oldu” - MÜSAHİBƏ
Hannes Halldorsson

Azarkeşlər onu daha çox 2018-ci ildəki dünya çempionatının Argentina yığmasına qarşı keçirilən qrup oyununda Lionel Messinin penalti zərbəsini dəf etməsi ilə tanıyırlar.

DÇ-2018 başa çatmamış isə “Qarabağ”a transfer olunmaqla böyük səs-küyə səbəb olub. Lakin Azərbaycanda ilk mövsümünü tamamlamadan Ağdam klubundan ayrılıb.

Söhbət 2018/2019 mövsümündə “Qarabağ”ın “1 nömrəsi” olan İslandiya millisinin sabiq qapıçısı Hannes Halldorssondan gedir.

Karyerası ərzində Azərbaycan, Norveç, Niderland və Danimarkada legioner həyatı yaşamış 39 yaşlı dəri əlcək sahibi 2022-ci ildə futboldan gedib.

“Report”un suallarını cavablandıran Hannes Halldorsson “Qarabağ”dakı dönəmini xatırlamaqla yanaşı, Ağdam təmsilçisinin hazırkı durumunu da dəyərləndirib.

- Ötən il, 38 yaşınızda karyeranızı bitirdiniz. Bunun üçün gecikdiyinizi düşünmürsünüz?
- Məncə, əsl vaxtında bu qərarı verdim. Qapıçı meydan oyunçusundan fərqli karyeraya malik olur. Müasir futbolda da qapıçıların 40 yaşa qədər rahat oynadıqlarının şahidi oluruq.

- Karyeranızdan tam razısınız?
- Razı qalmamaq üçün bir səbəb görmürəm. İslandiya millisi ilə tarixi nailiyyətə imza atdım. Klub karyeram da kifayət qədər zəngin oldu. Hər şeydən razıyam, heç bir peşmanlığım yoxdur.

- “Qarabağ”da olduğunuz mövsümü necə xatırlayırsınız?
- Sözün düzü, karyeramın “Qarabağ” mərhələsi uğurlu olmadı. Ancaq dünya çempionatından sonra Azərbaycan klubunun təklifini qəbul etdiyim üçün də peşman deyiləm. Çünki yeni ölkə kəşf etdim, yeni insanlarla tanış oldum. İstər “Qarabağ”da, istərsə də digər klublarda yaşadıqlarım mənim üçün böyük həyat təcrübəsi oldu. “Qarabağ”da mənə hörmətlə yanaşırdılar.

- Karyeranızın “Qarabağ”da istədiyiniz kimi alınmaması nədən qaynaqlanırdı?
- Əslində, müqavilə bağlayanda baş məşqçi məni əsas qapıçı qismində gördüyünü demişdi. Amma “Qarabağ”a keçən kimi zədələndim. Buna görə də, komandaya üçüncü qapıçı gətirdilər. Sağaldıqdan sonra iki həmkarımla rəqabət aparmalı oldum. Orada vəziyyət elə idi ki, səhv edən ehtiyata düşürdü. “Sportinq”lə avrokubok oyunu mənim üçün həlledici oldu. Həmin görüşdə 6 qol buraxdım, zəif çıxış etdim. Ondan sonra əsas heyətdəki yerimi tam itirdim. Həmin günlərə dönmək istəmirəm. Mənə etibar etdiyi üçün “Qarabağ”a təşəkkürümü bildirirəm. Azərbaycanda gözəl günlərim oldu. İnsanları çox istiqanlı və mehribandırlar.

- “Qarabağ”ın oyunlarını izləyirsiniz?
- Oyunlarına baxmasam da, nəticələri ilə maraqlanıram. Məsələn, ötən mövsüm yenə çempion oldular. Açığı, buna təəccüblənmədim. Çünki Azərbaycanın ən güclü komandasıdır. Çempionlar Liqasının təsnifat mərhələsində Polşa təmsilçisi “Rakuv”a 2:3 hesabı ilə uduzmaqlarından da xəbərdaram.

- Yeri gəlmişkən, vaxtilə rəqabət apardığınız Şahruddin Məhəmmədəliyevin səhvləri bu görüşdə həlledici oldu. Şahruddin sizin vaxtınızda necə təsir bağışlayırdı?
- Şahruddin fədakar qapıçı idi, üzərində durmadan çalışırdı. Məncə, indi bir nömrəli qapıçı olmağa layiqdir. Qapı xətti çox nankor mövqedir. Ardıcıl qurtarışlarla qəhrəman ola bilərsən. Amma bir səhvinlə onların hamısı insanların gözündə silinəcək, antiqəhrəman sayılacaqsan. Şahruddin inadkar insandır. İnanıram ki, bu səhvlərini unutdura biləcək.

- “Qarabağ”dan bu mövsüm avrokuboklarda nə gözləyirsiniz?
- Hələ ötən mövsüm komandanın Çempionlar Liqasının qrupuna düşəcəyini təxmin edirdim, amma pley-offda uduzdular. Düşünürəm ki, bu mövsüm nəhənglərin sırasında yer almaq şansları yüksəkdir.

- “Qarabağ”ın II raundda Polşa klubu “Rakuv”u keçəcəyinə əminsiniz?
- Məncə, “Qarabağ” istəyinə Bakıda çatacaq. Bu komanda öz meydanında çox güclü oynayır. Üstəlik, Bakıda azarkeş dəstəyi də fərqli olur.

Son xəbərlər

Orphus sistemi