GİN rəsmisi: "Turniri təşkil etməkdə məqsəd sağlam həyat tərzinə, idmana olan həvəsi artırmaqdır"
- 06 may, 2025
- 19:23
Gənclər və İdman Nazirliyinin (GİN) İdman şöbəsinin rəhbəri Elnur Məmmədov Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turniri haqqında fikirlərini bölüşüb.
"Report" xəbər verir ki, nazirlik rəsmisi turniri təşkil etməkdə məqsədin sağlam həyata və idmana həvəsi daha da artırmaq olduğunu bildirib.
O, azarkeşlərin möhtəşəm atmosfer yaratdığını da söyləyib:
"Turnir başa çatdı, sizlərlə birlikdə bu gözəl finalın şahidi olduq. Azarkeşlərin yaratdığı atmosferi xüsusi qeyd etmək lazımdır. Hər oyunda bu cür atmosfer olurdu. Dövlət qurumlarının əməkdaşlarının övladları, ailələri də gəlib dəstəklərini göstərdilər. Turniri təşkil etməkdə məqsəd dövlət qurumlarının əməkdaşları arasında sağlam həyat tərzinə, idmana olan həvəsi artırmaqdır. Həmçinin öz uşaqlarımıza nümunə olmalıyıq. Bunun üçün təkcə minifutbol deyil, bütün idman növləri üzrə turnirlər keçirilir. Bu, həmçinin bizi çevik həyat tərzinə yönləndirir".
Qeyd edək ki, turnirin qalibi Ədliyyə Nazirliyinin komandası olub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi ikinci, Daxili İşlər Nazirliyinin təmsilçisi isə üçüncü yeri tutub.