Bakı. 27 mart. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov ölkə futbolu tarixinə düşüb. "Report"un məlumatına görə, 29 yaşlı hücumçu dördqat dünya çempionları və Avropanın ən titullu yığmaları İtaliya ilə Almaniyaya qol vuran ilk azərbaycanlı futbolçu olub.
Almaniyanın "Aue" klubunun futbolçusu ilk dəfə 2015-ci il oktyabrın 10-da Bakıda Avro-2016-nın seçmə qrup oyunu zamanı İtaliyanın qapısına yol tapıb. Ötən gün isə o, Tofiq Bəhramov adına Respublika stadionunda DÇ-2018-in seçmə qrup matçında Almaniyanı məyus edib. Nazarov hər iki görüşdə komandasının bərabərlik qolunun müəllifi olsa da, yekunda Azərbaycan yığması müvafiq olaraq, 1:3 və 1:4 hesabı ilə uduzub.
Qeyd edək ki, hazırda Dmitri Nazarovun aktivində 6 qol var. Onlardan 4-ü rəsmi matçlarda vurulub. Nazarov ötən tskildə Bakıda Bolqarıstan (1:2) və Maltanı (2:0) da məyus edib. Digər 2 qol isə Serbiya (1:4) və Kanada (1:1) ilə yoldaşlıq görüşlərinə təsadüf edib.