Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyada rəsmi matçlarda ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb.
"Report" IFFHS-ın rəsmi saytına istinadən xəbər verir ki, siyahının ilk pilləsində Portuqaliya yığmasının və İtaliya "Yuventus"unun hücumçusu Kriştianu Ronaldu qərarlaşıb. 36 yaşlı forvard 766 qola imza ataraq braziliyalı əfsanəvi futbolçu Peleni (765 qol) geridə qoyub. Üçüncü sırada 753 qolla Pelenin həmyerlisi Romario yer alıb.
Karyerasını davam etdirən oyunçulardan İspaniya "Barselona"sının argentinalı kapitanı Lionel Messi 729 qolla 4-cü, İtaliya "Milan"nın isveçli hücumçusu Zlatan İbrahimoviç 551 qolla 13-cü, İspaniyanın "Atletiko" (Madrid) komandasından Luis Suares isə 497 qolla 22-cidir.
Yalnız 21 futbolçu karyerası ərzində 500 və daha çox qol vura bilib. Vuracağı daha üç qol Suaresi də bu siyahıya daxil edəcək.
Qeyd edək ki, IFFHS-in siyahısında dünyasını dəyişmiş Argentina yığmasının sabiq futbolçusu Dieqo Maradona yer almayıb. Çünki onun klub və yığma səviyyəsində vurduğu qolların sayı 300 civarında olub.