Bakı. 7 mart. REPORT.AZ/ Nigeriyanın "Kano Pillars" klubunun futbolçularına qarşı silahlı hücum olub.
"Report"un "Goal.com"a istinadən verdiyi məlumata görə, "Hartlend"lə mövsümün ilk qarşılaşmasına yollanan komandanın 5 futbolçusu hücum zamanı yaralanıb.
Cinayətkarlar futbolçuların dəyərli əşyalarını alaraq hadisə yerindən uzaqlaşıblar. Klubun rəsmi "twitter" səhifəsində verilən açıqlamada Qambo, Oqbonaya, Eneji Otekpa, Murtala Adamu və Musa Ekpai adlı futbolçuların güllə yarası aldığı bildirilib.
Qeyd edək ki, bu gün Overridə baş tutmalı olan "Hartlend" - "Kano Pillars" görüşü qeyri-müəyyən müddətə təxirə salınıb.