"Fiorentina"nın hücumçusu: "Azərbaycan millisi ilə oyuna ciddi yanaşırıq"

"Fiorentina"nın hücumçusu: "Azərbaycan millisi ilə oyuna ciddi yanaşırıq" "Keyfiyyətli komandamız var, üstünlük bizim tərəfimizdədir. Lüksemburq və Azərbaycanla oyunlarda 3 xal qazanmaq üçün mümkün olan hər şeyi edəcəyik".
Futbol
7 Oktyabr , 2021 17:52
Fiorentinanın hücumçusu: Azərbaycan millisi ilə oyuna ciddi yanaşırıq
Duşan Vlahoviç

"Keyfiyyətli komandamız var, üstünlük öz tərəfimizdədir. Qarşıdakı hər iki matçda 3 xal üçün mümkün olan hər şeyi edəcəyik".

"Report"un məlumatına görə, bu fikirləri Serbiya millisinin futbolçusu Duşan Vlahoviç Lüksemburq və Azərbaycana qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunları barədə ölkəsinin mətbuatına açıqlamasında deyib.

İtaliyanın "Fiorentina" klubunda çıxış edən hücumçu hər iki qarşılaşmaya ciddi yanaşdıqlarını söyləyib: "Bu oyunlardan 2 qələbə gözləyirik. Futbolçularda eyforiya yoxdur. İnsanların bizdən gözləntiləri yüksəkdir. Meydanda bütün gücümüzü ortaya qoyacağıq".

Yığmanın müdafiəçisi Stefan Mitroviç yığmada özünəinamın yüksək olduğunu vurğulayıb. Amma onun fikrincə, rəqiblərə yuxarıdan-aşağı baxmaq olmaz: "Kağız üzərində asan görünsə də, ən böyük çətinliklər zəif komandalara qarşı matçlarda olur. Hər iki oyuna maksimum konsentrasiya ilə çıxacaq, istədiyimiz nəticəni qazanmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik".

Qapıçı Marko Dmitroviç isə bildirib ki, hazırda bütün diqqətlər Lüksemburqla görüşdədir: "Hər iki kollektivə qarşı artıq oynamışıq. Lüksemburqa 3 xal üçün gedirik. Bundan sonra isə Azərbaycanla oyun haqqında düşünmək olar. Qalib gəlmək üçün potensialımız var. Düşünürəm ki, ilk dəqiqələrdən düzgün oynasaq, problem olmayacaq. Düzdür, favorit olmağımız əlavə təzyiq yaradır. Amma hədəfimizin nə olduğunu yaxşı bilirik. Qarşıdakı oyunlardan 6 xal götürmək istəyirik".

Qeyd edək ki, oktyabrın 9-da Lüksemburqun qonağı olacaq Serbiya millisi bundan 3 gün sonra Azərbaycanı qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi