Fernandu Santuş: "İlk 3 oyun həlledici olacaq"

Fernandu Santuş: "İlk 3 oyun həlledici olacaq" "Bizi qarşıda olduqca çətin oyunlar gözləyir"
Futbol
16 Mart , 2021 16:55
Fernandu Santuş: İlk 3 oyun həlledici olacaq
Fernandu Santuş

"Bizi qarşıda olduqca çətin oyunlar gözləyir. Bu, Avropa çempionatına gedən yol kimi asan olmayacaq".

"Report"un məlumatına görə, bu fikirləri Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan, Serbiya və Lüksemburla keçirəcəkləri oyunlar barədə danışarkən deyib.

67 yaşlı mütəxəssis bildirib ki, seçmə mərhələnin startındakı 3 qarşılaşma həlledici olacaq: "Çünki bu görüşlər mundiala vəsiqənin başlanğıcını qoyacaq. Hazırda mənə aktual görünən yeganə məqam budur. Başqa alternativ variant görmürəm. Mayda Avropa çempionatının final mərhələsinə hazırlaşacağıq. Amma həmin turnirin seçmə mərhələ ilə heç bir əlaqəsi yoxdur. Düzdür, sıx qrafikdə oynamalı olacağıq. Amma bəhanə axtarmağın mənası yoxdur. Qarşıda 3 xal qazanmalı olduğumuz oyunlar var. Bunlar qrupdan çıxmaq üçün əsas matçlardır. Heyətdə yeni futbolçular olduğundan bütün diqqətimizi bir yerə cəmləşdirməliyik".

Nelsen Semedu, Mariu Rui, Uilyam Karvalyu, Fransişku Trinkau kimi aparıcı oyunçuların yığmadan kənarda qalmasına toxunan təcrübəli baş məşqçi seçimini belə izah edib: "Bu, seçmə mərhələdə iştirak edə biləcək futbolçuların bir hissəsidir. İndiki məqamda bu oyunçulara güvənəcəyəm".

Qeyd edək ki, martın 24-də İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda oynanılacaq Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Bu oyundan 3 gün sonra Belqradda Serbiya ilə üz-üzə gələcək pireneylilər martın 30-da isə Lüksemburqun qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi