Fatih Terim: "Qarabağ"ın "Neftçi" ilə rəqabətdə olduğunu bilirəm"

Fatih Terim: "Qarabağ"ın "Neftçi" ilə rəqabətdə olduğunu bilirəm" "Uzun illər sonra Bakıda olduğum üçün çox xoşbəxtəm. "Qalatasaray" avrokuboklara öyrəncəli komandadır. Azərbaycan bizə hər zaman sevgisindən şübhə etmədiyimiz ölkədir. "Qarabağ"ın "Molde" ilə oyununu izləyəcəyik. Bu komandanın "Neftçi" ilə rəqabət apardığ
Futbol
16 Sentyabr , 2020 18:20
Fatih Terim: Qarabağın Neftçi ilə rəqabətdə olduğunu bilirəm
Fatih Terim

"Uzun illər sonra yenidən Bakıda olduğum üçün çox xoşbəxtəm. "Qalatasaray" avrokuboklara öyrəncəli komandadır. Hər zaman sonadək mübarizə aparır. Açığı, püşkdə "Neftçi"nin adını görəndə çox sevindik. Azərbaycan bizim üçün sevgisindən şübhə etmədiyimiz ölkədir. "Qarabağ"ın "Molde" ilə oyununu izləyəcəyik. Azərbaycan təmsilçisinə uğurlar arzu edirəm. İnanırıq ki, mərhələni keçəcəklər. Bu komandanın "Neftçi" ilə rəqabət apardığını bilirəm. Heyətdə dəyişiklik edib-etməyəcəyimizə sabah qərar verəcəyik. Futbolda ümumi qayda var: ən önəmli matç qarşımızdakı oyundur. "Neftçi" ilə görüş də bizim üçün vacibdir. Sıx qrafiki nəzərə alaraq, bütün oyunçuların buna uyğunlaşmaları lazımdır. Buna görə birinci və ikinci nömrə futbolçuların sintezindən komanda qura bilərik. Buna rotasiya demək olmaz".

"Report"un məlumatına görə, bu fikirləri Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi Fatih Terim UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis bildirib ki, Türkiyə Super Liqasının ilk turunun "Qaziantep"lə oyununda (3:1) etdiyi oyunçu dəyişiklikləri avrokubok matçı ilə bağlı deyil: "Mənim həmin vaxt belə bir fikrim yox idi. Fiziki məsələləri də nəzərə alıb digər oyunçulara da şans verdim. Komandamız həmin gün çox yaxşı mübarizə aparmışdı".

Terimin sözlərinə görə, komanda hava limanı və hoteldə böyük sevgi ilə qarşılanıb. Lakin o, meydana qələbə üçün çıxacaqlarını diqqətə çatdırıb: "Neftçi"nin 2 matçını izlədim. Biri Şimali Makedoniya "Şkupi"si, digəri isə "Sumqayıt"la görüşləri idi. "Neftçi" 3 mövsümdür eyni səviyyədə oynayan komandadır, Azərbaycanda 2 güclüdən biridir. Bu mövsüm hələ səfərdə oynamamaları maraqlıdır. Emin Mahmudov, Yusuf Laval, Tallison Dias və Stiven Monrozun önəmli oyunçu olduqlarını bilirəm. Xeyirlisi nədirsə, o da olacaq".

"Qalatasaray"ın hər yerdə sevildiyini deyən Terim Azərbaycanda komandasına xüsusi münasibətdən məmnunluq ifadə edib. O, gələcəkdə Bakıya təlim-məşq toplanışları və oyunlar üçün gəlmələrinin mümkünlüyünü diqqətə çatdırıb: "Burada "Qalatasaray"a anormal dərəcədə maraq var. Sosial məsafəni isti məsafəyə döndərsək, daha sıx münasibətlərimiz qurulacaq. Azərbaycandakı "Qalatasaray"lıları sevindirmək, Bakıda gözəl günlər keçirmək istəyərik".

O, "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədovun "Qalatasaray"ı mübarizədən kənarlaşdıracaqları ilə bağlı fikirlərinə münasibət bildirib: "İddialı insanları sevirəm. Baş məşqçi nə deməlidir? Desin ki, bizi udacaqlar? Belə şeylər xoşuma gəlir. Görək, dediyi ilə etdiyi üst-üstə düşəcəkmi".

Təcrübəli mütəxəssis azərbaycanlı futbolçunun "Qalatasaray"da yer alması üçün özünün istəkli olması, "sarı-qırmızılar"a üstünlük verməsi, Türkiyə təmsilçisinin isə onu bəyənməsinin vacibliyini söyləyib.

Qapıçı Fernando Musleranın ayağının qırılmasına üzüldüklərini deyən Terim uruqvaylı oyunçunu yüksək qiymətləndirib: "Allah betərindən saxlasın. Daha tez meydana dönməsi üçün həkimlərimiz çalışırlar. Amma digər qapıçılarımıza da güvənirik. İnanıram ki, onlar da etimadımızı doğruldacaqlar. Musleranın isə karyerasını "Qalatasaray"da bitirəcəyinə ümidvaram. Belə oyunçuya sahib olduğumuz üçün xoşbəxtik".

AVRO-2020-də Türkiyə millisinin 2 matçını Bakı Olimpiya Stadionunda keçirəcəyini xatırladan "Qalatasaray"ın baş məşqçisi Azərbaycanı öz məmləkətləri saydığını deyib: "Əvvəlki oyunlarımızı başqa stadionda keçirmişdik. Bu isə yeni stadiondur. İnşallah, yeni arenada yaxşı nəticələr qazanarıq. Azarkeşsiz oynamaq mənfi cəhətdir. Böyük komandaların böyüklüklərinin ən böyük səbəbi azarkeşləridir. Azarkeş olmadıqda hər iki komanda bərabər şəraitdə olur. Azarkeşsiz oynamağın bizim üçün mənfi cəhət olduğu dəqiqdir. Çünki bizim burada da azarkeşlərimiz var".

Mövsümün "Qalatasaray" üçün ağır keçəcəyini deyən Terim təkcə Superliqada 40 oyun keçirəcəklərini və mövsümün çox ağır alınacağını söyləyib. O, transferləri niyyət və hədəflərinə uyğun həyata keçirəcəklərini bildirib: "Transfer xatirinə transferlər etməyəcəyik. Yaş ortalaması və hədəflərimizə uyğun oyunçular almağa çalışacağıq. Çətin mövsümü qarşılayacaq mövsümdə hər mövqedə iki oyunçuya malik olmaq istəyirik. Maddi durumu da nəzərə almalıyıq. Maliyyə problemlərini aradan qaldırmadıqca hər bir komandanın vəziyyəti çətin olacaq".

Son xəbərlər

Orphus sistemi