Bakı. 20 dekabr. REPORT.AZ/ Futbol üzrə Rumıniya kubokunda dekabrın 2-də "Mioveni" klubu ilə "Kluj" arasında baş tutan görüş təkrar keçiriləcək. "Report"un "Mioveni"nin rəsmi saytına istinadən məlumatına görə, buna səbəb 3:4 hesabı ilə başa çatan oyunda qonaq komandanın fair-play qaydalarına əməl etməməsi olub.
Rumıniya Futbol Federasiyası klubun yenidən oyun keçirilməsi ilə bağlı istəyini qəbul edib. Hətta "Kluj" da qələbə qazandığı oyunun yenidən baş tutmasına müsbət yanaşıb.
Qeyd edək ki, "Mioveni"nin futbolçusu zədəli futbolçu olduğu üçün topu meydandan çıxarıb. Lakin qonaqlar aut atışını yerinə yetirərkən topu rəqibə vermək əvəzinə hücumçularına ötürüb və hesab bərabərləşdirilib - 3:3. Oyunun son dəqiqələrində isə Mirko İvanovski fərqlənib və qarşılaşma qonaqların 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.