Elxan Məmmədov: "Qardaş Türkiyə azarkeşlərini səbirsizliklə gözləyirik"

Elxan Məmmədov: "Qardaş Türkiyə azarkeşlərini səbirsizliklə gözləyirik" "Əsl futbol bayramı yaşayacağıq. Avropa çempionatını səbirsizliklə gözləyirdik. Əslində ötən il olmalıydı, amma pandemiya səbəbindən 1 il təxirə salındı".
Futbol
10 İyun , 2021 13:48
Elxan Məmmədov: Qardaş Türkiyə azarkeşlərini səbirsizliklə gözləyirik
Elxan Məmmədov

"Əsl futbol bayramı yaşayacağıq. Avropa çempionatını səbirsizliklə gözləyirdik. Əslində ötən il olmalı idi, amma pandemiya səbəbindən bir il təxirə salındı".

"Report"un məlumatına görə, bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "Anadolu" agentliyinə açıqlamasında AVRO-2020-nin Bakıda keçiriləcək oyunları barədə danışarkən deyib.

Milli assosiasiya rəsmisi xatırladıb ki, matçların oynanılacağı Bakı Olimpiya Stadionuna arenanın ümumi tutumunun 50 faizi qədər azarkeş buraxılacaq: "Bu, koronavirusla bağlı ölkədəki vəziyyətin yaxşı olduğunu göstərir. Bakı oyunlara tam hazırdır və fanatları gözləyir".

Məmmədov tərəfdarların Azərbaycan paytaxtındakı qarşılaşmalara böyük maraq göstərdiklərini vurğulayıb: "Türkiyə millisinin ilk görüşünə 20 min bilet satılıb. Hər oyun üçün 32 min bilet satışı nəzərdə tutulub. Son günlərdə satışın artacağını düşünürəm. Qardaş Türkiyə azarkeşlərini səbirsizliklə gözləyirik".

İcraçı vitse-prezident azərbaycanlı azarkeşlərin də "ay-ulduzlular"ı dəstəkləyəcəyini söyləyib: "Coğrafi baxımdan türkiyəli fanatların Bakıya gəlməsi daha rahatdır. Çünki iki ölkə arasında gündə 5 uçuş təşkil olunur. Bunun özü də böyük üstünlükdür. Uels və İsveçrədən uçanlar ya xüsusi, ya da tranzit reyslə gəlməlidir. Amma qardaş Türkiyə azarkeşləri 2,5 - 3 saatlıq uçuşla Bakıya gələ biləcəklər".

Qeyd edək ki,Türkiyə millisi Avropa çempionatında ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək. "Ay-ulduzlular" daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.

Son xəbərlər

Orphus sistemi