Elxan Məmmədov: "AFFA-nın ali söz sahibi İcraiyyə Komitəsidir"

Elxan Məmmədov: "AFFA-nın ali söz sahibi İcraiyyə Komitəsidir" AFFA-nın baş katibi Elxan Məmmədov qurumun növbədənkənar Konfransında jurnalistlərin suallarını cavablandırıb.
Futbol
8 Yanvar , 2020 11:54
Elxan Məmmədov: AFFA-nın ali söz sahibi İcraiyyə Komitəsidir
Elchin Murad

AFFA-nın baş katibi Elxan Məmmədov qurumun növbədənkənar Konfransında jurnalistlərin suallarını cavablandırıb. 

"Report"un məlumatına görə, federasiya rəsmisi ilk olaraq Nizamnaməyə edilən dəyişikliklər haqqında danışıb:

- Bu il növbədənkənar Konfrans təşkil olundu. Daha sonra İcraiyyə Komitəsi (İK) keçirildi. Növbəti konfrans yanvarın 28-də baş tutacaq. Milli komandanın baş məşqçi məsələsi də müzakirə edildi. Həmin vaxtadək namizədlər siyahısı yeni İcraiyyə Komitəsi üzvlərinə təqdim edilməlidir.

- Dəyişikliklər nəyə hesablanıb?

- İlk növbədə Nizamnaməni təkmilləşdirmək istədik. Bir sıra Komitə ləğv olundu. Əvvəlki Nizamnamədə bir sıra Komitənin fəaliyyəti nəzərdə tutulmuşdu. Onlar ləğv edildi. Ehtiyac olsa, İK yenilərini yaradacaq. İK üzvlərinin sayı artdı. Bu praktika beynəlxalq futbol qurumlarında da tətbiq edildi. Belə olan halda vitse-prezidentlərin sayını da artırmağa zərurət duyuldu. Birinci vitse-prezident postu ləğv edildi. İcraçı vitse-prezident və 3 vitse-prezident vəzifəsi tətbiq olunacaq. Baş katib də öz vəzifəsini icra edəcək.

- İK-nın yeni üzvləri nə vaxt məlum olacaq?

- Sabahdan etibarən namizədliklər irəli sürülə bilər. Yanvarın 28-də yeni İK üzvləri seçiləcək. Daha sonra AFFA prezidenti seçiləcək. Vitse-prezidentlərin təyinatı isə AFFA prezidentinin səlahiyyətindədir.

- İK-dan istefa verən oldumu?

- Xeyr, belə bir müraciət olmayıb. Yanvarın 28-də İK üzvlərinin səlahiyyət müddəti onsuz da başa çatır.

- Kulublarda belə bir söz-söhbət gəzir ki, icraçı vitse-prezident postuna gələrək, bütün səlahiyyətləri əlinizə alacaqsınız...

- Kulublara çox da inanmayın. AFFA-nın ali söz sahibi İcraiyyə Komitəsidir. Bundan sonra AFFA prezidenti gəlir.

- Martın sonunda millimiz Malta ilə yoxlama görüşü keçirəcək. Həmin vaxtadək millimizin baş məşqçisi məsələsi həllini tapacaqmı?

- Buna ümid edirik. Biz martda Malta ilə səfərdə yoxlama oyunu keçirməklə yanaşı, daha bir matç planlaşdırırıq. Bu, Latviya yığmasıdır. Həmin oyunu da Maltada keçirməyi düşünürük. Bundan əlavə, mayda Türkiyə ilə qarşılaşacağıq. Bir də Uels Futbol Federasiyası bizə müraciət edib. Onlar Avropa çempionatına hazırlıq çərçivəsində son oyunlarını bizimlə keçirmək istəyirlər. Çünki qrup oyunlarının ikisini Bakıda keçirəcəklər. Elə bu səbəbdən də bizimlə burada oynamaq istəyirlər.

- Niyə Hesabat-Seçki Konfransı martda yox, yanvarda baş tutacaq?

- Bu Konfrans yanvar-mart aylarında planlaşdırılmışdı. Bilirsiniz ki, Konfransın mayda keçiriləcəyinə dair şayiələr dolaşırdı və gördüyünüz kimi, bu, öz təsdiqini tapmadı. Qarşıdan Avropa Çempionatı gəlir. Biz də seçkini yanvara saldıq ki, daha sonra bütün diqqətimizi Bakıda baş tutacaq Avropa çempionatı oyunlarına yönəldək.

Son xəbərlər

Orphus sistemi