Elmar Baxşıyev: "İstədiyimizi meydanda qoya bildik"

Elmar Baxşıyev: "İstədiyimizi meydanda qoya bildik" "Oyunun çətin keçəcəyini öncədən bilirdik. Rəqib yaxşı təşkilatlanmış komanda idi. İlk oyunda 4:1 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, meydana ehtiyatlı çıxmışdı".
Futbol
28 İyul , 2022 22:26
Elmar Baxşıyev: İstədiyimizi meydanda qoya bildik

"Oyunun çətin keçəcəyini öncədən bilirdik. Rəqib yaxşı təşkilatlanmış komanda idi. İlk oyunda 4:1 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, meydana ehtiyatlı çıxmışdı".

"Report" xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə Macarıstan "Fehervar"ına 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssisin fikrincə, komandası meydanda dominantlıq edib: "Bir qədər də şanslı olsaydıq, istəyimizə çata bilərdik. Komandamı təbrik edirəm, daha güclü olacağımızı düşünürəm".

Baxşıyev ehtiyat oyunçularının olmamasının mübarizəni dayandırmalarında ciddi rol oynadığını vurğulayıb: "Turnirə o qədər də soyuq yanaşmamışdıq. İstərdik ki, iki heyətimiz olsun, amma hər şey büdcəyə bağlanır. Səfər oyununda əvəzləmələrdə çətinlik çəkdik. Bu gün Premyer Liqada oynaya biləcək iki ehtiyat oyunçumuz var idi. Amma qalanlarına da inanırıq. Onların çempionatda öz sözlərini deyə biləcəklərinə inanıram. Görüşün sonlarında bəzi futbolçularımız yorulmuşdu, lakin onları əvəzləyəcək oyunçumuz yox idi".

Baş məşqçi Felipe Santosun bir neçə imkanı qaçırmasına da toxunub: "Futbolun gözəlliyi də bundadır. Hər epizodu dəyərləndirmək olmur. Amma komandam getdikcə daha yaxşı olacaq".

Baxşıyevin sözlərinə görə, rəqib çox səviyyəli olsa da, komandası başabaş mübarizə apara bilib: "Püşk atıldıqdan sonra bu komanda ilə başabaş oynamağa köklənmişdik. Səbəb axtarmaq istəmirəm. Komandam zəif oynasaydı, bu, məni düşündürərdi. Komandam oyuna hazır idi və istədiyimizi meydanda qoya bildik".

O, mübarizəni dayandırmalarını fiziki hazırlıqla bağlanmasını düzgün saymayıb: "Bir həftə ərzində fiziki durum nə qalxır, nə də enir. İlk oyunda İlkin Qırtımovun dili qatlananda hamı futbolu yaddan çıxarmışdı, onun taleyi ilə maraqlanırdı. Birinci oyunda təcrübəsiz futbolçuların həyəcanı da özünü göstərə bilərdi. Üstəlik, İlkin durumu da komanda üzvlərində özünü büruzə verirdi.

Baş məşqçi hazırda bir hücumçu transferinin gündəmdə olduğunu söyləyib: "Onunla çoxdandır danışıqlar aparırıq. Hazırda şərtlər razılaşdırılır. İnanırıq ki, həmin futbolçunu komandamıza transfer edə biləcəyik".

Son xəbərlər

Orphus sistemi