Dunaya qərq olan ümidlər - REPORTAJ

Dunaya qərq olan ümidlər - REPORTAJ Budapeşt. 20 iyul. REPORT.AZ/ İyulun 19-da Neftçi komandası Macarıstanın paytaxtı Budapeştdə yerli Uypeşt komandası ilə futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşünü keçirdi. Oyunu işıqlandırmaq üçün bir qrup jurnalistlə bərabər Reportun əməkdaşı da Budapeştə ezam olunmşdu.
Futbol
223
20 İyul , 2018 13:48
Dunaya qərq olan ümidlər - REPORTAJ
Report
0 : 00
0 : 00

Budapeşt. 20 iyul. REPORT.AZ/ İyulun 19-da "Neftçi" komandası Macarıstanın paytaxtı Budapeştdə yerli "Uypeşt" komandası ilə futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşünü keçirdi. Oyunu işıqlandırmaq üçün bir qrup jurnalistlə bərabər "Report"un əməkdaşı da Budapeştə ezam olunmşdu.

İkigünlük səfər müddətində Budapeşti tam gəzmək mümkün olmasa da, şəhər haqqında müəyyən təəssüratlar formalaşdırmaq mümkün oldu.

Jurnalistlərin məskunlaşdığı otel "Ferents Puşkaş" metro stansiyası yaxınlığında idi. Ferents Puşkaş İspaniyanın “Real Madrid” klubunun və Macarıstan milli komandasının məşhur futbolçusu olub. O, 1954-cü il dünya çempionatında Macarıstan, 1962-ci il mundialında isə İspaniya yığmasının heyətində çıxış edib. 1952-ci il Helsinki Yay Olimpiya Oyunlarının qalibi, 1954-cü ildə İsveçrədə keçirilmiş dünya çempionatının gümüş mükafatçısı olub. XX əsrin 10 ən yaxşı futbolçusundan biri, bütün dövrlərdə Macarıstanın ən yaxşı futbolçusu sayılıb. Sabiq hücumçu 17 noyabr 2006-cı ildə 79 yaşında ikən dünyasını dəyişib.

Hazırda otelin yaxınlığında 65156 yerlik “Ferents Puşkaş” stadionu yenidən inşa olunmaqdadır. Bura da Bakı Olimpiya Stadionu kimi, 2020-ci il Avropa çempionatının oyunlarını qəbul edəcək 12 stadion arasında yer alıb. “Ferents Puşkaş”da F qrupunun 3 oyunu ilə bərabər 1/8 final mərhələsinin 1 görüşü olacaq.

Ümumiyyətlə, bu ərazidə bir neçə stadion var. Onlardan biri də 2016-2017 mövsümündə “Qəbələ” ilə Avropa Liqasının II təsnifat mərhələsində üz-üzə gəlmiş MTK komandasına məxsus stadiondur. Yeri gəlmişkən, Macarıstan çempionatının yüksək liqasında 12 komanda çıxış edir ki, onlardan da 4-ü paytaxtı təmsil edir. 1885-ci ildə yaradılan, 20 dəfə Macarıstan çempionu, 10 dəfə ölkə kubokunun sahibi olan "Uypeşt"in ən parlaq dövrü ötən əsrin 70-ci illərinə təsadüf edib. "Bənövşəyilər" 1961-1962 mövsümündə Kuboklar Kuboku, 1973-1974 mövsümündə Çempionlar Kubokunun yarımfinalçısı olub. 

Klubun ev oyunlarını keçirdiyi "Ferents Şuşa" stadionu mərkəzdən bir qədər aralıdadır. 15 minədək tamaşaçı tutumuna malik stadionda "Uypeşt"in tarixini və qazandığı çoxsaylı kubokları özündə əks etdirən lövhə var, komandanın əfsanəvi futbolçularının büstləri qoyulub.  

Oteldən stadionla yanaşı, Budapeştin dağətəyi hissəsində yerləşən mülkləri də görmək mümkündür. Yaxınlıqdakı metro stansiyasından 3 dayanacaqlıq yol getmək kifayətdir ki, şəhər mərkəzinə çatasan. Mərkəzi hissə isə şəhəri iki yerə - Buda və Peştiyə bölən Dunay çayının sahilində yerləşir. Burada ticarət mərkəzləri, Parlament binası, kilsələr və digər tarixi binalar yerləşir. Dağətəyi əraziyə qalxdıqda şəhərin gözəl mənzərəsinə tamaşa etmək olar. Dunay çayı şəhərə xüsusi gözəllik verir. Amma nədənsə, “göydələnlər”in sayı çox azdır. Görünür, burada şəhərin çox da varlı olmaması da öz sözünü deyir.

Şəhərdə kifayət qədər evsizə rast gəldik. Elə qaldığımız otelin yaxınlığında olan iki “bomj”un gündüz saatlarından bir-biri ilə savaşı diqqətdən yayınmadı. Amma axşam şəhərə çıxdığımız vaxt onların mehribancasına dayanacaqda üstlərinə yorğan salaraq, yatdıqlarını gördük. Paytaxtda isə müxtəlif yollarla qazanc əldə etməyə çalışanlara şahidlik etmək olar. Elə dağətəyi yerdə “oymaq oynadanlar”ın əməllərini gördükdə, bir vaxtlar Bakıda da belə bir işlə məşğul olanları xatırlamaq mümkündür.

Budapeştdə də Avropanın digər ölkələrindəki kimi sərbəst geyimlərə üstünlük verirlər. Lakin dillərini başa düşmək çox çətindir. Macarıstan əvvəllər sosialist respublikası olduğundan, yaşlı nəsil arasında rusca danışmağı bacaranlara rast gəlmək mümkündür. Lakin yeni nəslin böyük hissəsi nə rus, nə də ingiliscə danışa bilir. Bakıda artıq tarixə çevrilən tramvaylar isə Budapeşt küçələrində şütüməkdədirlər.

Burada idman obyektləri yetərincədir. İdmançılarla elə qaldığımız oteldən rastlaşmağa başladıq. Sinxron üzgüçülük üzrə yeniyetmələr arasında dünya çempionatına gələn ölkələrin yığma komandalarının bir çoxu burada məskunlaşmışdı. Otelin qarşısında AVRO-2020 üçün tikilən stadion var idisə, arxasında isə Laslo Papp adına idman arenası yerləşir. Burada əvvəllər futzal üzrə nüfuzlu beynəlxalq yarışlar da keçirilib. Macarıstanda idmana kifayət qədər diqqət göstərilir. Ölkə idmançıları müxtəlif növlər üzrə beynəlxalq yarışlarda uğurla çıxış edirlər.

Elə azərbaycanlı jurnalistlərin Budapeştə səfəri də idman yarışı – “Neftçi”nin yerli “Uypeşt”lə keçirdiyi Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununu işıqlandırmaq üçün idi. Çarter reysi ilə uçan təyyarənin sərnişinləri kifayət qədər yüksək əhval-ruhiyyədə idilər. “Neftçi”nin rəhbərliyindən tutmuş futbolçularadək hamının növbəti mərhələnin bir addımlığında olduqlarını sezmək çətin deyildi.

Təyyarə bələdçiləri “Neftçi”nin şarfları ilə gəzir, futbolçu Kirilo Petrov klub əməkdaşının kamerasını alaraq, operator kimi çəkilişlər edirdi. Hava gəmisi komandiri isə eniş vaxtı “Bizim bir sevgimiz var, o da “Neftçi” ifadəsini səsləndirərək, komandaya uğurlar arzuladı.

Hazırlıq planına əsasən, “Neftçi” öz bazasında məşq etdikdən sonra səfərə çıxmışdı. “Ferents Şuşa” stadionunda isə komanda topla çalışmadı. Yalnız gəzişməklə kifayətlənən komanda daha sonra ona ayrılan avtobusla otelə qayıtdı. Baş məşqçi Roberto Bordin isə mətbuat konfransı keçirərək, növbəti mərhələyə iddialı və motivasiyalı olduqlarını bildirdi.

Lakin oyun bunun əksini göstərdi. İtaliyalı mütəxəssisin Bakıda 3:1 hesablı qələbə qazandıqları ilk oyunla müqayisədə taktikanı dəyişməsi və 3 mərkəz müdafiəçisindən ibarət sistemə keçməsi heç bir effekt vermədi. Öz cinahları ilə irəli-geri işləməli olan Anton Krivotsyukla Məhəmməd Mirzəbəyov bunu bacarmadı. Rəqibin mərkəzdə tətbiq etdiyi pressinq nəticəsində “Neftçi”nin daha güclü oyunçulardan təşkil olunmuş ön xətti topla təchiz olunmadı. Güclü azarkeş dəstəyi altında irəli atılan budapeştlilər tezliklə 3 dəqiqə ərzində - 19 və 21-ci dəqiqələrdə 2 qol vuraraq, növbəti mərhələyə vəsiqə üçün lazım olan hesabı təmin etdilər. Bundan sonra “Neftçi”nin fərqi azaltmağa çalışacağı gözlənilirdi. Lakin rəqib yenə öz işində idi. Üstəlik, kapitan Ruslan Abışovun zədələnməsi vəziyyəti daha da çətinləşdirdi. Fasilədən sonra “Uypeşt” müdafiədəki səhvlərdən daha 2 qol vuraraq, növbəti mərhələyə vəsiqə tapşırığının öhdəsindən artıqlaması ilə gəldi – 4:0.

Görüş zamanı "Neftçi" azarkeşlərinin təhlükəsizliyinə problem yarada biləcək hadisə baş vermədi. Bu, AFFA-nın Xarici İşlər Nazirliyinə müraciəti nəticəsində mümkün oldu. Nazirlik Macarıstandakı səfirlik vasitəsilə yerli hüquq-mühafizə orqanlarını məlumatlandırmış, onlar da tribunalardakı 30-dək azarkeşin ayrıca sektorda yer alaraq, komandanı lazımınca dəstəkləmələrini təmin etmişdi.  Həmin fanatlar avropalı azərbaycanlılardan ibarət Milli Dəstə azarkeş qrupunun üzvləri idi. Eyni zamanda səfir Vilayət Eyvazov başda olmaqla, diplomatik korpusun əməkdaşları da matçı "Neftçi" rəhbərliyi ilə birgə izlədi. 

Oyundan sonra səfər əhval-ruhiyyəsindən əsər-əlamətin qalmadığını görmək çətin deyildi. Bordin yol verdiyi səhvi etiraf etməyə özündə güc tapdısa, futbolçulardan açıqlama almaq mümkün olmadı. Beləliklə, “Neftçi” minbir əziyyət bahasına başa gələn Azərbaycan Premyer Liqasında bürünc medal və Avropa Liqasına vəsiqənin davamını gətirməyi bacarmadı. Necə deyərlər, "Uypeşt"i keçərək, İspaniya "Sevilya"sına rəqib olmaq istəyi Buda və Peşt arasındakı körpündən keçə bilmərək, Dunay sularına qərq oldu. 

Təkcə “Neftçi” yox, Avroliqadakı digər komandalar – “Keşlə” və “Qəbələ” də mübarizəni dayandırdı. Beləliklə, ümid qaldı bircə “Qarabağ”a. Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksələn komandaya...

Elşən MƏMMƏDOV

Bakı - Budapeşt - Bakı

Son xəbərlər

Orphus sistemi