"Futbol çox dəyişib, hamı yaxşı oyun sərgiləyir".
"Report"un məlumatına görə, bunu Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç evdə Azərbaycan millisinə qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.
56 yaşlı mütəxəssis bildirib ki, qarşıdakı matçda da qələbə qazanmaq lazımdır. Lakin onun fikrincə, bu heç də asan deyil: "Futbolda hər şey önəmlidir. Ən əsası isə yaxşı oynamaq və qalib gəlməkdir. Kifayət qədər hücumçu ilə oynayacağıq. Oyunu ciddiyə alırıq. Bu, hər baxımdan ən əhəmiyyətli matçlardan biridir".
Stoykoviç Azərbaycan millisinin onlara problem yarada biləcək yaxşı komanda olduğunu da sözlərinə əlavə edib.
Qeyd edək ki, oktyabrın 12-də oynanılacaq Serbiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.