"Azarkeşsiz oynamaq çətindir, xüsusən də Avropa Liqasının bu cür oyunlarında. Amma vəziyyət belədir. Avrokuboklarda yolumuza davam etmək üçün meydanda əlimizdən gələni etməliyik. Bacardığımız qədər irəli getmək niyyətindəyik".
"Report"un məlumatına görə, bu fikirləri İsrailin "Makkabi" komandasının futbolçusu Dor Perets Avropa Liqasının qrup mərhələsinin birinci turunda Təl-Əvivdə "Qarabağ"a qarşı keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında deyib.
Koronavirusdan sağalan 25 yaşlı israilli yarımmüdafiəçi infeksiyanın komandaya çox təsir etdiyini bildirib: "Artıq geri qayıtmağın və komandanın uğur qazanması üçün ən yaxşısını etməyin vaxtı gəlib. Hazırda özümü əla hiss edirəm. Ən yaxşı formaya qayıtmaq üçün əlimizdən gələni etdik. Rəsmi oyuna çıxmamışıq, bütün oyunçular koronavirusa yoluxmuşdu. Amma bu bəhanə deyil. Matç tamam başqadır. Çünki oyunun dinamikası məşqlərdən fərqlidir. Amma əvvəl dediyim kimi sabah heç bir bəhanə qəbul olunmayacaq".
Qeyd edək ki, oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.