Dəyişməyən Tbilisi, hostelə çevrilən fabrik və dəyişən "Neftçi" - VİDEO - REPORTAJ - YENİLƏNİB

Dəyişməyən Tbilisi, hostelə çevrilən fabrik və dəyişən "Neftçi" - VİDEO - REPORTAJ - YENİLƏNİB Bu gün "Neftçi" komandası 9 illik fasilədən sonra UEFA Çempionlar Liqasında mübarizəyə yenidən Gürcüstanda başlayacaq.
Futbol
7 İyul , 2021 19:00
Dəyişməyən Tbilisi, hostelə çevrilən fabrik və dəyişən Neftçi - VİDEO - REPORTAJ - YENİLƏNİB

Video əlavə olunub

15:17

Bu gün "Neftçi" komandası 9 illik fasilədən sonra UEFA Çempionlar Liqasında mübarizəyə yenidən Gürcüstanda başlayacaq.

"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, 9 qat Azərbaycan çempionu bu dəfə qonşu ölkənin ən köklü klubu "Dinamo" ilə üz-üzə gələcək. 84 illik tarixə malik komandanın özündən 12 yaş böyük klubla I təsnifat mərhələsində ilk qarşılaşması Boris Payçadze adına "Dinamo Arena"da gerçəkləşəcək.

Bu, "Dinamo"nun müstəqillik dönəmində "Neftçi"yə qarşı birinci görüşü olacaq. Əvəzində "göy-ağlar" 2015 və 2019-cu illərdə Azərbaycanın digər təmsilçisi "Qəbələ" ilə Avropa Liqasında üz-üzə gəliblər. Hər iki halda Tbilisidəki görüşlər meydan sahiblərinin qələbələri ilə yekunlaşıb - 2:1, 3:0. "Qırmızı-qaralar" "Dinamo"ya ilk məğlubiyyətin əvəzini öz meydanında 2:0 hesablı üstünlüklə çıxaraq, sonradan qrup mərhələsinədək irəliləməyi bacarıb. İkinci məğlubiyyət isə komanda üçün avrokuboklarda hələlik son oyun olub.

"Neftçi" də 2012-ci ildə Gürcüstan "Zestafoni"sini iki oyunun yekununda (3:0, 2:2) üstələyərək, Azərbaycan futbolu tarixində ilk dəfə qrupadək irəliləməyi bacarmışdı. Yəni, qonşu ölkə təmsilçiləri Azərbaycan komandaları üçün müəyyən mənada düşərli rəqiblər sayıla bilər. Elə "Neftçi" rəhbərliyi də bugünkü oyuna növbəti uğurlu yolun başlanğıcı kimi yanaşır. "Ağ-qaralar" iki gün əvvəldən - iyulun 5-dən Tbilisidədirlər. Onlar ilk məşqi "Zestafoni"nin təlim-məşq bazasında keçiblər. Növbəti hazırlıq prosesi isə ötən gün oyunun keçiriləcəyi "Dinamo Arena"da oldu.

***

Məşqdən əvvəl komandanın baş məşqçisi Samir Abasov müdafiəçi Voislav Stankoviçlə birgə mətbuat konfransı keçirərək, fikirlərini bölüşdü. Onun dediklərindən belə aydın oldu ki, əsas heyətin 90-95 faizini özü üçün müəyyənləşdirib. Hərçənd, yay fasiləsində komandanı kifayət qədər futbolçu tərk etdiyi halda, cəmi 3 oyunçu - Sezar Meza Kolli, Harramiz Suareş və Xəyal Nəcəfov transfer edilib. Abasovu qayğılandıran məqamlardan biri də bu idi.

Digər narahatlıq doğuran amil "Neftçi"nin əksər futbolçularının Çempionlar Liqası həyəcanını indiyədək yaşamamasıdır. 43 yaşlı mütəxəssisin fikrincə, uzun müddətdən sonra Azərbaycanı belə bir turnirdə təmsil etmək həddindən artıq qürurverirci hiss və şərəf olsa da, oyundan əvvəl kollektivin üzərində bir qədər gərginlik var: "Bu da turnirin böyüklüyündən irəli gəlir. Bəzi futbolçularımız bu cür səviyyəli yarışlarda ümumiyyətlə iştirak etməyiblər".

Nəhayət, uzun müddətdir azarkeşlərlə oyun üzünə həsrət qalması azmış kimi "Neftçi"ni indi də "Dinamo"nun çılğın fanatları xoş qarşılamayacaq. Gürcüstan paytaxtındakı görüşü stadionun ümumi tutumunun 40 faizi həcmində - 22 minədək azarkeş izləyə biləcək. Halbuki Azərbaycanda klublarımızın ev oyunlarına tamaşaçılar hələ buraxılmır. Baxmayaraq ki, Gürcüstanda gündəlik yoluxma 1500 nəfərə çatır, Azərbaycanda isə 100-dən aşağıdır.

Tbilisi "Dinamo"unda da vəziyyət qaydasında deyil. İyulun 1-də keçirdiyi son oyununda paytaxt komandası Batumi "Dinamo"suna 1:2 hesabı ilə uduzaraq, liderliyi əldən verib. "Neftçi"nin rəqibinin sükanı arxasına mayın 27-də əvvəllər Bakının "İnter" (hazırkı "Keşlə") komandasına rəhbərlik etmiş Kaxaber Tsxadadze keçib. 53 yaşlı mütəxəssis ötən gün keçirdiyi mətbuat konfransında komandada bəzilərinin onu istəmədiyini etiraf etdi. O həmçinin yeni oyunçu transferləri ilə bağlı problemlərinin olduğunu söyləyərək, sıx qrafikdə xeyli oyun keçirmələrindən şikayətləndi. Tsxadadze çempionat qarşılaşmalarından birinin təxirə salınması xahişinə rədd cavabı verildiyini də dilə gətirdi.

***

"Dinamo" oyunöncəsi son məşqini öz bazasında keçirdiyindən, komandanın hazırkı durumunu əyani şəkildə görmək mümkün olmadı. "Neftçi"nin məşqində isə klubun prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, klubun Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanovla yanaşı, “SOCAR Energy Georgia” Şirkətinin Baş direktoru və AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov iştirak etdi.

Mahir Məmmədov
Mahir Məmmədov

Məmmədov "Report"a açıqlamasında oyun barədə optimist fikirdə olduğunu bildirdi: "Hazırda "Neftçi" yeni tarix və yeni səviyyəyə qədəm qoyub. Özü də planlı, düşünülmüş şəkildə və yeni baza ilə. Klub rəhbərliyi ilə söhbətimizdə də qeyd olundu ki, müəyyən dövrlərdə "Neftçi" irəli addımlayıb və ya süquta doğru gedib. Xoşbəxtlikdən, hazırda bu klubun gözəl menecmenti, Avropasayağı olmasa da, Avropaya yaxın maliyyəsi, yeni maddi-texniki bazası var. Həmin baza barədə də danışdıq. Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yolun üstündə salınmış Türk Hava Yolları Mərkəzində akademiya, təbii örtüklü üç, qapalı iki meydança komandanın intensiv və planlı inkişafına böyük zəmin yaradır. Təsadüfi deyil ki, "Neftçi" həm Azərbaycan Premyer Liqasında, həm də I Divizionda qızıl medal qazandı. Bu nailiyyətlər "Neftçi" azarkeşlərinə sinələrini uzun müddət daha da irəli verərək, gələcəyə qürurla baxmalarına böyük əsas verir. "Neftçi"nin vaxtilə sönmüş, ruhdan düşmüş azarkeşləri hazırda yeni renessans dövrünü yaşayırlar. Ona görə də hazırda optimizm daha çoxdur".

***

Tbilisinin özünə gəldikdə, bura sonuncu dəfə iki il əvvəl "Qəbələ"nin "Dinamo" ilə görüşünü izləmək üçün gəlmişdim. Həmin vaxt şəhər necə idisə, indi də elə vəziyyətdədir. Azərbaycanda olduğu kimi, burada da qapalı məkanlar istisna olmaqla, hər yerdə maskasız hərəkətə icazə verilib. İyulun 1-dən isə komendant saatı götürülüb.

Matçı işıqlandırmağa gələn 8 media nümayəndəsi "Fabrika" hostelində yerləşdirilib. Bura əvvəllər tikiş fabriki kimi fəaliyyət göstərib. Beş il əvvəl isə qərara alınıb ki, daha rentabelli müəssisəyə - hostelə çevrilsin. Bu dəyişiklik özünü doğruldub. İlk baxışdan hətta sökülmüş divarları, döşəmə və ümumi görkəmi ilə qədimi təsir bağışlayan hostelin ziyarətçiləri yetərincədir. Bura xüsusən gənclər üçün sevimli əyləncə məkanına çevrilib. "Fabrika"nın çölü isə büsbütün qraffitilərlə bəzədilib.

***

Və bir də... Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı qələbə Gürcüstanda da az effekt doğurmayıb. Bunu mətbuat konfransından əvvəl bizə yaxınlaşan gürcü həmkarımız da etiraf etdi. O, qələbə münasibətilə bizi təbrik etməklə yanaşı, ermənilərin Gürcüstandakı durumu barədə də qısa bir ifadə işlətdi. Sadəcə, yazılası sözlər deyildi...

Son xəbərlər

Orphus sistemi