DÇ-2024: Azərbaycanın futzal millisi mübarizəyə əsas mərhələdən başlayacaq

DÇ-2024: Azərbaycanın futzal millisi mübarizəyə əsas mərhələdən başlayacaq 2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının reqlamenti açıqlanıb.
Futbol
494
18 Noyabr , 2021 20:16
DÇ-2024: Azərbaycanın futzal millisi mübarizəyə əsas mərhələdən başlayacaq

2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının reqlamenti açıqlanıb.

Azərbaycan Futzal Federasiyasından "Report"a verilən məlumata görə, seçmə mərhələnin oyunları 2022-ci ilin aprelində başlayacaq və 2 il davam edəcək.

Mundialın final mərhələsində iştirak edəcək 24 komandadan 7-si Avropa qitəsinin təmsilçisi olacaq. 3 il sonra baş tutacaq həlledici mərhələyə ev sahibliyi Avropa ölkələrindən birinə verilərsə, seçmə mərhələdən 6 komanda final mərhələsinə vəsiqə qazanacaq.

Final raunduna qədər oyunlar 5 mərhələdən – ilkin (mini-turnir), əsas (ev və səfər), əsas mərhələ play-off (ev və səfər), elit (ev və səfər) və elit raund pley-offdan (ev və səfər) ibarət olacaq.

İlkin mərhələdə reytin cədvəlinin son 24 pilləsində yer alan komandalar - Moldova, Monteneqro, Albaniya, Kosovo, Türkiyə, Norveç, Danimarka, İsveç, Ermənistan, Almaniya, Yunanıstan, İsrail, İsveçrə, Kipr, Bolqarıstan, Litva, Andorra, San Marino, Estoniya, Malta, Şotlandiya, Cəbəllütariq, Avstriya, Şimali İrlandiya - iştirak edəcək. Bu mərhələnin püşkü bu il dekabrın 7-də, oyunları isə gələn il 4 - 13 apreldə keçiriləcək. Komandalar hər birində 4 iştirakçı olmaqla 6 qrupda mübarizə aparacaq. Qrup qalibləri və ikinci pillənin sahibi olan komandalar əsas mərhələyə vəsiqə qazanacaq.

Əsas mərhələdə 36 komanda iştirak edəcək ki, artıq onlardan 24-ü məlumdur. Azərbaycan millisi də mübarizəyə bu mərhələdən başlayacaq. Digər yığmalar İspaniya, Rusiya, Portuqaliya (son qalib), Qazaxıstan, Xorvatiya, Serbiya, Azərbaycan, İtaliya, Çexiya, Ukrayna, Sloveniya, Bosniya və Herseqovina, Polşa, Finlandiya, Rumıniya, Slovakiya, Gürcüstan, Belarus, Niderland, Macarıstan, Fransa, Belçika, Latviya və Şimali Makedoniyadır.

Əsas mərhələnin püşkü gələn il iyulun 6-da atılacaq, oyunlar isə 2023-cu il martın 8-dək yekunlaşacaq. 36 komanda hər birində 3 iştirakçı olmaqla 12 qrupa səpələnəcək. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ikinci pillədə yer alan komandalar arasında ən yaxşı göstəriciyə malik 4 milli birbaşa elit raunda yüksələcək. Qalan 8 qrup ikincisi isə pley-off oyunlarında üz-üzə gələcək. 2023-cu il martın 10-da pley-off cütlükləri müəyyənləşəcək, oyunlar isə təxminən bir ay sonra – 10 - 19 apreldə keçiriləcək. Ev-səfər matçlarının yekununda üstün olan 4 yığma elit raunda yollanacaq.

Elit raundun püşkü 2023-cü il iyulun 5-də atılacaq, həmin il dekabrın 20-dək qrup matçları yekunlaşdırılacaq. 20 komanda 5 qrupda yarışacaq. Hər qrupda 4 komanda ev-səfər olmaqla mübarizə aparacaq. Qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 qrup ikincisi isə pley-off oyununda iştirak edəcək. Final mərhələsinə ev sahibliyi Avropa ölkələrindən birinə verilsə, o zaman pley-off mərhələsinə ən yaxşı göstəriciyə malik 2 kollektiv vəsiqə qazanacaq. Elit raundun pley-off oyunlarının püşkü 2024-cü il 25 yanvarda, oyunları isə 8 - 17 apreldə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi