DÇ-2022: Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurub

DÇ-2022: Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurub Azərbaycan və Lüksemburq yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu start götürüb.
Futbol
11 Noyabr , 2021 22:53
DÇ-2022: Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurub

Futbol üzrə Azərbaycan millisi 2022-ci dünya çempionatının seçmə mərhələsində son oyununu keçirib.

“Report”un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 8-ci sınağında Lüksemburq yığmasını qəbul edib. Bakı Olimpiya Stadionunda (BOS) oynanılan və 2 kollektiv arasında sayca 6-cı olan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyuna yaxşı başlayan Azərbaycan millisi görüşün əvvəlindəcə hesabı açmağa yaxın olub. Amma Mahir Emrelinin soil cinahdan iti bucaq altında zərbəsi qapıdan aralı keçib. 19-cu dəqiqədə bu dəfə qonaqlar fərqlənmək üçün yaxşı fürsət əldə etsələr də, Danel Sinaninin cərimə zərbəsindən vurduğu topu qapıçı Şahruddin Məhəmmədəliyev çətinliklə də olsa, qaytara bilib.

Az sonra yığma üzvlərindən Tellur Mütəlimov meydandan qovulub. 26 yaşlı sol cinah müdafiəçisi qonaqların yarımmüdafiəçisi Olivye Tillin bədəninə açıq ayaqla zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə görüb. Say üstünlüyündən istifadə edən qonaqlar tədricən təşəbbüsü ələ alıblar. 28-ci dəqiqədə Məhəmmədəliyev növbəti dəfə hesabın açılmasına imkan verməyib. Hissənin sonlarında nisbətən fəallığı artıran millinin heyətində Emreli diqqət mərkəzinə düşüb. Polşa “Legiya”sının 24 yaşlı hücumçusu növbəti dəfə qapını nişan alsa da, çərçivəyə düşə bilməyib. 44-cü dəqiqədə BOS-a toplaşan azarkeşlər azarkeşlər Vətən müharibəsi ilə bağlı “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndiriblər. İlk hissədə hesab açılmayıb və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

İkinci yarının əvvəlləri bir qədər sönük keçib. 58-ci dəqiqədə Lüksemburq yığmasının heyətində Kristofer Martinsin cərimə meydançasının xaricindən qüvvətli zərbəsində azca dəqiqlik çatmayıb. Bir qədər sonra Till uzaq məsafədən vurduğu topla təhlükə yaratsa da, Məhəmmədəliyev yenə də inamlı təsir bağışlayıb.

66-cı dəqiqədə Azər Salahlının sol cinahdan yerlə ötürməsini Emin Mahmudov saxlamadan qapıya istiqamətləndirsə də, zərbəsi qeyri-dəqiq alınıb. 67-ci dəqiqədə isə qonaqlar Jerson Rodrigeşin baxımlı qolu ilə hesabı açıblar.

Buraxılan qoldan sonra dəyişikliyə əl atan De Byazi Ramil Şeydayevi Renat Dadaşovla, Filip Ozobiçi isə Rüstəm Əhmədzadə ilə əvəzləyib. Meydana yenicə daxil olan Əhmədzadə 70-ci dəqiqədə rəqib qapıçı Ralf Şonla üzbəüz qalsa da, fürsəti boşa verib.

78-ci dəqiqədə lüksemburqlular hesab arasındakı fərqi artırıblar. Sebastyan Till yaxşı təşkil olunmuş hücumu məntiqi sonluqla bitirib.

82-ci dəqiqədə Azər Salahlı buraxılan toplardan birinin əvəzini çıxıb. Qolun qaydalar çərçivəsində vurulub-vurulmadığını müəyyənləşdirmək üçün VAR sisteminə müraciət olunub. Yekunda qol qeydə alınıb.

Azərbaycan millisi matçın sonlarında hesabı bərabərləşdirmək üçün irəli atılsa da, bunu etmək mümkün olmayıb. Əvəzində Rodrigeş əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə özünün 2-ci, komandasının isə 3-cü qoluna imza atıb.

Bu qələbədən sonra xalların 9-a çatdıran Lüksemburq seçməsi qrup 3-cülüyünü təmin edib. Azərbaycan isə seçmə mərhələni 1 xalla sonuncu sırada başa vurub.

22:40

Azərbaycan və Lüksemburq yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda hesab dəyişib.

"Report"un məlumatına görə, 82-ci dəqiqədə Azər Salahlı buraxılan qollardan birinin əvəzini çıxıb - 1:2.

22:35

Azərbaycan və Lüksemburq yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda 2-ci qol vurulub.

"Report"un məlumatına görə, 78-ci dəqiqədə qonaqların futbolçusu Sebastyan Till növbəti dəfə Canni De Byazinin baş məşqçi olduğu kollektivi meydanın mərkəzinə dəvət edib.

22:25

Azərbaycan və Lüksemburq yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 67-ci dəqiqədə Jerson Rodrigeş qonaqları önə keçirib.

22:02

Azərbaycan və Lüksemburq yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda 2-ci hissə başlayıb.

"Report"un məlumatına görə, ilk yarıdan sonra qarşılaşmada hesab açılmayıb.

21:47

Azərbaycan və Lüksemburq yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

21:00

Azərbaycan və Lüksemburq yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu start götürüb.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma saat 21:00-da başlayıb.

Görüşü avstriyalı FIFA referisi Manuel Şüttenqruber idarə edir.

Son xəbərlər

Orphus sistemi