UEFA Çempionlar Liqasının final oyunu Türkiyənin İstanbul şəhərindən Portuqaliyanın Portu şəhərinə keçiriləcək.
"Report"un məlumatına görə, bu barədə italiyalı jurnalist şəxsi tvitter səhifəsində yazıb. O, rəsmi qərarın yaxın 24 saat ərzində açıqlanacağını bildirib.
Finalda İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları qarşılaşacaq. Daha əvvəl bu matçı Londondakı "Uembli" stadionu və ya Portuqaliyanın paytaxtı Lissabondakı arenalardan birinin qəbul edəcəyi iddia olunurdu.
Məlumat təsdiqlənsə, final qarşılaşması mayın 29-da "Draqau" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Türkiyə hökuməti mayın 3-də 16 ölkədən, o cümlədən, Böyük Britaniyadan gələnlər üçün mənfi nəticəli PZR testləri təqdim etmələrinə dair tələbi ləğv edib. Bu qərar mayın 15-dən qüvvəyə minəcək.
Bununla yanaşı, Türkiyə koronavirus infeksiyası üzündən "qırmızı zona"ya düşüb. Bu ölkədən Böyük Britaniyaya gedənlər mehmanxanada 10 gün öz hesablarına qalmalıdırlar.