"Çelsi" Çempionlar Liqasının ikiqat qalibi oldu - YENİLƏNİB-2
- 29 may, 2021
- 20:56
UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün qalibi müəyyənləşib.
"Report"un məlumatına görə, İngiltərənin "Çelsi" komandası tarixində ikinci dəfə Avropanın ən nüfuzlu klub turnirinin baş mükafatına yiyələnib.
"Zadəganlar" finalda "Mançester Siti" üzərində 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 42-ci dəqiqədə Kay Haverts vurub.
Beləliklə, "Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasını əldə etmə şansını qaçırıb. "Çelsi" isə 9 ildən sonra yenidən Çempionlar Liqasının qalibi olub. London təmsilçisi həmçinin 2019-cu ildə Bakıda Avropa Liqasını qazanıb.
Komandalar oyunu itkilərlə başa vurublar. "Çelsi"dən braziliyalı müdafiəçi Tyaqo Silva 37-ci, "Mançester Siti"dən isə belçikalı yarımmüdafiəçi Kevin De Brüyne zədələnərək, əvəzlənməli olub.
23:49
İngiltərənin "Çelsi" və "Mançester Siti" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının final oyununda ilk yarı başa çatıb.
"Report"un məlumatına görə, 42-ci dəqiqədə Kay Havert hesabı açaraq, "Çelsi"ni önə çıxarıb - 1:0. Komandalar fasiləyə bu hesabla yollanıblar.
23:00
UEFA Çempionlar Liqasında İngiltərənin "Çelsi" və "Mançester Siti" komandaları arasındakı final oyunu start götürüb.
"Report"un məlumatına görə, qarşılaşma Portuqaliyanın Portu şəhərindəki "Draqau" stadionunda keçirilir.