Çempionlar Liqasında bütün yarımfinalçılar bəlli oldu

Çempionlar Liqasında bütün yarımfinalçılar bəlli oldu UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin bütün iştirakçıları müəyyənləşib
Futbol
15 Aprel , 2021 00:53
Çempionlar Liqasında bütün yarımfinalçılar bəlli oldu

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

"Report"un məlumatına görə, son olaraq, İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Siti" komandaları növbəti raunda vəsiqə qazanıblar.

1/4 finalda "kral klubu" evdə qalib gəldiyi İngiltərə "Liverpul"u ilə səfərdə qolsuz heç-heçə edərək, adını yarımfinala yazdırıb.

"Şəhərlilər" isə Mançesterdə 2:1 hesabı ilə məğlub etdiyi Almaniya "Borussiya"sına Dortmundda da eyni aqibəti yaşadıb. Halbuki matçda ilk qolu meydan sahibləri vurublar. 15-ci dəqiqədə 18 yaşlı ingiltərəli yarımmüdafiəçi Cud Bellingem həmyerlilərinin qapısına yol tapıb. Birinci hissə "Borussiya"nın minimal hesablı üstünlüyü ilə başa çatıb.

İkinci yarıya daha yaxşı başlayan qonaqlar 55-ci dəqiqədə Riyad Mahrezin penaltidən vurduğu qolla tarazlığı bərpa ediblər. 75-ci dəqiqədə isə Fil Foden komandasına qələbə qazandıran qolun müəllifi olub.

UEFA Çempionlar Liqası, 1/4 final

Cavab oyunları

23:00. "Borussiya" Dortmund (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 1:2

Qollar: Cud Bellingem, 15 - Riyad Mahrez, 55 (penalti), Fil Foden, 75

İlk oyun - 1:2

23:00. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 0:0

İlk oyun - 1:3

Qeyd edək ki, "Mançester Siti" yarımfinalda Fransa PSJ-si, "Real Madrid" isə İngiltərənin "Çelsi" klubu ilə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları 27 - 28 apreldə, cavab qarşılaşmaları 4 - 5 mayda olacaq.

Final oyunu isə mayın 29-da Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi