Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək

Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək Turnirin son qalibi “Real” “Napoli”ni qəbul edəcək
Futbol
15 Fevral , 2017 06:49
Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək

Bakı. 15 fevral. REPORT.AZ/ Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.

“Report”un məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin son qalibi olan İspaniyanın “Real” klubu İtaliya təmsilçisi “Napoli”ni qəbul edəcək.

Günün digər görüşü isə Almaniyada baş tutacaq. Münhen “Bavariya”sı İngiltərənin “Arsenal” komandası ilə üz-üzə gələcək.

“Real” turnirin son qalibi olsa da, cari mövsümdə qrupda 2-ci yeri tutub. “Napoli” isə "B" qrupunun qalibi qismində 1/8 finala vəsiqə qazanıb. Maurisiyo Sarrinin komandası qrup mərhələsində qazandığı 11 xaldan 7-sini səfər matçlarında toplayıb. “Napoli” sonuncu dəfə 2011/12 mövsümündə İspaniyada qalib gəlib, “Vilyarreal”ı məğlub edib (1:0).

Bu kollektivlər indiyə qədər yalnız bir dəfə bir-birlərinə rəqib olublar. Komandalar 1987/88 mövsümündə Avropa Çempionları Kubokunun (ÇL) ilk dövrəsində qarşılaşıblar. Evdə italyanları 2 cavabsız qolla üstələyən ispanlar, səfərdə heç-heçə (1:1) ediblər. Özü də, həmin vaxt “Napoli”nin kapitanı əfsanəvi Diyeqo Maradona olub.

“Real” ÇL-də keçirdiyi son 33 oyundan 28-də qalib gəlib. Madrid klubu yalnız 2014/15 mövsümündə “Şalke”yə 3:4 hesabı ilə uduzub. Turnirin son qalibi İtaliya təmsilçilərinə qarşı keçirdiyi 31 görüşdən 22-də qələbə qazanıb.

“Napoli” tarixində 2-ci dəfə 1/8 finala vəsiqə əldə edib. Neapolluların 1/4-ə çıxmaq yolunda ilk cəhdinin qarşısını 2011/12 mövsümündə “Çelsi” alıb. İtaliya klubu evdə 3:1 hesabı ilə qalib gəlsə də, səfərdə daha çox top fərqi ilə - 1:4 uduzub.

“Real”ın heyətində cəmi bir itki var. Lukas Vaskes zədə üzündən meydana çıxa bilməyəcək. “Napoli”də isə Arkadiuş Milikin oynaması sual altındadır.

“Arsenal” 2009/10 mövsümündən bəri ÇL-də 1/8 final səddini aşa bilmir. “Topçular” 3 dəfə məhz “Bavariya”ya uduzaraq, mübarizəni dayandırıb.

Bu kollektivlər ümumilikdə 10 dəfə üz-üzə gəliblər. Almanların 5, ingilislərin isə 3 qələbəsi var. Münhen təmsilçisi 2004/05, 2012/13 və 2013/14 mövsümlərində 1/8 finalda qarşılaşdığı London klubunu turnirdən kənarlaşdırıb.

“Bavariya” ilə “Arsenal” ötən mövsüm eyni qrupda yer alıblar. Arsen Vengerin komandası evdə Məsut Özil və Olivye Jirunun qolları ilə qalib gəlsə də (2:0), səfərdə 1:5 uduzub. Həmin matçda Tomas Müller dubl edib, David Alaba, Robert Levandovski və Aryen Robben hərəyə bir qol vurub.

“Bavariya” son 5 mövsümdə 17 dəfə İngiltərə klubları ilə qarşılaşıb. Münhen təmsilçisi son 3 ev oyununda britaniyalılara qalib gəlib. Buna qədər isə ardıcıl 4 görüşdə qələbəyə həsrət qalıblar ki, bura 2012-ci ildə ÇL-nin finalında “Çelsi” ilə duel də daxildir.

“Bavariya” sabiq baş məşqçisi Xosep Qvardiolanın dönəmində son 3 mövsümdə yarımfinalda mübarizəni dayandırıb. Lakin ötən mövsüm 1/8 finalda “Yuventus”la qarşılaşan almanlar mərhələni çətinliklə keçib (2:2, 4:2).

Turnirin rekordu Karlo Ançelottinin komandasına məxsusdur: “Bavariya” ardıcıl 15 ev oyununda qalib gəlib.

Cari mövsümdə "A" qrupunda yer alan “Arsenal” PSJ-ni 2 xal qabaqlayaraq 1-ci olub. Özü də, londonlular heç bir matçda məğlub olmayıblar. “Topçular” sonuncu dəfə 2005/06 mövsümündə qrup mərhələsində uduzmayıblar. Onda da komanda finala qədər irəliləyib, həlledici görüşdə “Barselona”ya yenilib (1:2).

“Topçular”ın ötən mövsüm 1/8 finalda uduzduğu komanda da “Barselona”dır (0:2, 1:3). Arsen Vengerin rəhbərlik etdiyi kollektiv səfərdə keçirdiyi son 7 avrokubok matçından 3-də məğlub olub.

“Bavariya”nın heyətində cəzalı yoxdur. Jerom Boatenqin zədə üzündən meydana çıxmayacağı dəqiqdir. Frank Riberinin durumuna isə oyun saatında aydınlıq gələcək. “Arsenal” cəbhəsində isə Santi Kasorla zədəli, Aron Remsinin oynaması sual altındadır.

UEFA Çempionlar Liqası, 1/8 final mərhələsi, ilk oyunlar

15 fevral

23:45 "Bavariya" (Almaniya) – "Arsenal" (İngiltərə)

Baş hakim: Milorad Majiç (Serbiya)

Münhen. “Münhen Arena”

23:45 "Real Madrid" (İspaniya) – "Napoli" (İtaliya)

Baş hakim: Damir Skomina (Sloveniya)

Madrid. “Santyaqo Bernabeu”

Son xəbərlər

Orphus sistemi