"Neftçi" rəsmisi: "Belə olacaqsa, çempionatın bitməsini məqsədəuyğun hesab edirik"

"Neftçi" rəsmisi: "Belə olacaqsa, çempionatın bitməsini məqsədəuyğun hesab edirik" Bu gün mətbuatda bizimlə bağlı çox şey yazılır. Rəsmi bir şey yoxdur, öz fikirlərini və təfəkkürlərini ortaya qoyurlar. Biz klub olaraq çempionatın davam etməsindən yanayıq.
Futbol
13 İyun , 2020 23:05
Neftçi rəsmisi: Belə olacaqsa, çempionatın bitməsini məqsədəuyğun hesab edirik

"Bu gün mətbuatda bizimlə bağlı çox şey yazılır. Rəsmi bir şey yoxdur, öz fikirlərini və təfəkkürlərini ortaya qoyurlar. Biz klub olaraq çempionatın davam etməsindən yanayıq".  

"Report"un məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında "Neftçi"nin Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev "Qəbələ"ni 2:1 məğlub etdikləri yoxlama oyunundan sonra deyib. 

Klub rəsmisi bildirib ki, hazırda turnir cədvəlindəki sıralamaya əsəsən, çempionat yekunlaşarsa, idman prinsipləri pozulur. 

Allahverdiyev "Neftçi"nin məsələ ilə bağlı mövqeyini açıqlayıb: "Bizim qarşı olduğumuz məsələ odur ki, indiki şəraitdə iki və ya 4 gündən bir sərt karantin rejiminin tətbiq olunması komandaların məşq prosesinə təsir edir. Bununla bağlı bizə hər hansı köməklik göstərilərsə, sərt karantin elan olunmasına baxmayaraq komandaların normal hazırlıq prosesi keçməsinə imkan yaradılarsa, oyunların və ya məşqlərin keçirilməsində problem olmazsa, yaxşı olar. Bu gün yoxlama oyunu keçirdik, komanda iki gün istirahət edəcək və yenidən 3 gün məşq olacaq. Bu səbəbdən komandanın çempionata hazır olması mümkün deyil. Premyer Liqanın davam etməsindən yanayıq. Lakin bu şəraitdə, belə davam edəcəksə, mövsümün bitməsini məqsədə uyğun hesab edirik, çünki risklər çoxdur. Bilirsiniz ki, ölkədə virus hansı səviyyədə yayılıb. Futbolçular da insandır, onların da ailəsi var. Biz işləyirik, siz jurnalistlər də həmçinin. Sizin də ailəniz var. Bizim istəyimizlə çempionat barədə qərar verilməyəcək".

Klub rəsmisi mövsümlə bağlı qərarı AFFA İcraiyyə Komitəsinin verdiyini sözlərinə əlavə edib: "Desək ki, istəmirik, bizim istəyimizlə çempionat dayandırılmayacaq. Nə qərar olacaqsa, hər ikisinə hazırıq. Hər iki qərara görə planlarımızı hazırlaşmışıq. Biz mövsümə davam etmək istəyirik və komandaya çempionat oyunlarına hazırlaşmaq üçün şərait yaradılmalıdır. Əgər iyunun 21-i çempionat başlayacaqsa, 19 və 20-si sərt karantin elan olunması ehtimalı var. Bu və ondan sonrakı hadisələr necə olacaq? Bununla bağlı qərar verməlidirlər. Klub olaraq işimiz qərarı icra etməkdir". 

Allahverdiyev deyib ki, mövsüm vaxtından əvvəl yekunlaşacağı təqdirdə "Qarabağ"ın çempion elan edilməməsi ilə bağlı şərt irəli sürməyiblər: "Bu məsələ ilə bağlı şərtimiz olmayıb, əsasnamə nə deyirsə, İcraiyyə Komitəsi nə qərar verəcəksə, o da olacaq. Çempion elan edilsələr olacaq. Çempionlar Liqasında çıxış edəcəklər və biz də rəqibimizi təbrik edib, uğurlar arzulayacağıq. "Qarabağ"ın çempion elan edilməsinə etiraz etsək nəsə dəyişəcək? Xeyr. Çünki qərarı verən qurum var, onlar nə qərar qəbul edəcəksə, razılaşacağıq. Rəsmi şəkildə elan edirik ki, bununla bağlı şərt irəli sürməmişik. Hazırda iyunun 21-dəki oyunumuza hazırlaşırıq". 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda həftəsonu qadağalar 6-7 iyun üçün tətbiq edilib və 14-15 iyunda da tətbiq ediləcək.

Son xəbərlər

Orphus sistemi