"Komandanın qeyri-sabit çıxışının səbəbini bilmirəm. Premyer Liqanın XXIII turunda "Sumqayıt"a 0:2 hesablı məğlubiyyət ağır oldu. Qalib gəlsəydik, turnir cədvəlində rəqibə yaxınlaşacaqdıq və çempionat daha da maraqlı olacaqdı".
Bu fikirləri "Report"a açıqlamasında "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynov deyib.
33 yaşlı yarımmüdafiəçi əsas heyətdə az yer almasından məyusluğunu diqqətə çatdırıb: "Bunun səbəbini özüm də bilmirəm. Buna görə çox məyusam. Belə olmasını heç istəməzdim. Çünki bu komandaya oynamağa gəlmişdim, oturmağa yox. Amma qismət belə alındı. Bəzi şeylər var ki, insan onlarla razılaşmalıdır. Çünki bu, sənin əlində olmayan məsələlərdir".
Təcrübəli oyunçu "növbəti mövsüm "Qəbələ"də qalmayacağınızı demək olarmı" sualına belə cavab verib: "Məncə, demək olar. Çünki artıq haqqımda qərar verilib. Mənə gəlib çatan məlumatlar belədir".
Hüseynov klub rəhbərliyi ilə görüşmədiyini sözlərinə əlavə edib. O, klubun belə qərar verməsində kimin rolunun daha çox olması ilə bağlı danışmaq istəmədiyini deyib: "Bu məsələlər haqqında çox danışmaq istəmirəm. Sadəcə, "alınmadı" deyib, üstündən keçirəm".
Yarımmüdafiəçi hər şeyə rəğmən, son anadək "Qəbələ"nin mənafeyi üçün əlindən gələni edəcəyini bildirib: "Çünki bu klub hər zaman mənə əziz və doğma olub. Həmişə belə olaraq qalacaq".
O, başqa klublarla danışıqlara başlamağın tez olduğunu söyləyib: "Qarşıda çempionatın 5 turu var. Yəqin ki, yaxın zamanda danışıqlar olacaq".
Qeyd edək ki, Cavid Hüseynov 2014 - 2019-cu illərdə də "Qəbələ"nin formasını geyinib. Yarımmüdafiəçi 2019/2020 mövsümünün əvvəlində "Zirə"yə keçmişdi. O, 2020-ci ilin iyulunda yenidən əyalət təmsilçisi ilə müqavilə imzalayıb