"Belarusla oyuna hazırıq. Ola bilər ki, Belarus Qazaxıstandan daha güclü komandadır. Bu uyğun hazırlıq görürük".
"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Serbiyada Belarusa qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl mətbuat konfransında deyib.
De Byazi ötən il qarşılaşdıqları Belarusla indiki komandanı müqayisə edib: “Ötənilki heyətdən cəmi 4 nəfər hazırda Belarus yığmasındadır. 4-4-2 sxemindən yararlanmışdılar. Təbii ki, eyni komanda deyil, dəyişikliklər olub”.
O, Qazaxıstanla matçda eynəkdən yararlanmasının səbəbini də açıqlayıb: “Yarım səviyyə uzağı görmək üçün eynək taxmışdım. Eynək taxdım ki, bəlkə millimizə düşər və komandamı daha yaxşı görərəm. Sadəcə, uduzmağımıza əsəbiləşmişdim”.
66 yaşlı mütəxəssis ilk turda Qazaxıstana yenilgini hücumdakı “dişsiz”liklə əlaqələndirib: "Futbolda ən vacib olan nəticədir. Qazaxıstanla görüşdə qol imkanlarımız oldu, topla yaxşı rəftar etdik. Amma bu şansları dəyərləndirə bilmirsənsə, qalib gələ bilmərsən. Təəssüf ki, biz də məğlub olduq. Buraxdığımız qolları təhlil etdik. Yenə kiçik səhvlərə yol verdik ki, bu da məğlubiyyətə gətirib çıxardı. Rəqibin cəmi 2 zərbəsi oldu, hər iki halda top qapıdan keçdi. Bizim isə 15 zərbəmiz var idi”.
De Byazi Belarusun standart vəziyyətlərdən təhlükəli olduğunu vurğulayıb: “Belarusu Slovakiya ilə oyunlarından əvvəl analiz eləmişik. Onlar da üç mərkəz müdafiəçi ilə oynayırlar. Solda sağ ayaq, sağda sol ayaqlı futbolçu çıxış edir. Çox fantaziyası olmayan komandarır. Təxminən bizimlə eyni səviyyədədirlər. Boyları uzundur, standart vəziyyətdən təhlükəli ola bilərlər. Amma onların oynamağı bizdən asılı olacaq. İstəməsək, oynaya bilməzlər. Necə ki, Qazaxıstana ilk hissədə oynamaq imkanı verməmişdik. Xarakterli olmalıyıq. Bilirəm ki, komandamızın yaxşı keyfiyyətləri var”.
Baş məşqçi sabahkı matçın “11-liy”ini hələ müəyyənləşdirmədiyini deyib: “Heyətlə bağlı dəqiq qərar verməmişəm. Bu gün kimin özünü fiziki cəhətdən necə hiss etdiyinə baxacağıq. Uzun yol qət etmişik. Kimsə daha tez bərpa olur, kimdəsə bu alınmır. Çalışacağıq balansı itirməyək və matçda yaratdığımız imkanlarından düzgün yararlanaq”.
Qeyd edək ki, mayın 6-da Novi Sad şəhərindəki “Karadjordje” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Yığma ilk matçında səfərdə Qazaxıstan seçməsinə 0:2 hesabı ilə uduzub.