Bu gün Çempionlar Liqasında PSJ və "Real Madrid" komandaları qarşılaşacaqlar

Bu gün Çempionlar Liqasında PSJ və "Real Madrid" komandaları qarşılaşacaqlar Bakı. 6 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçları start götürəcək.
Futbol
6 Mart , 2018 06:25
Bu gün Çempionlar Liqasında PSJ və Real Madrid komandaları qarşılaşacaqlar

Bakı. 6 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçları start götürəcək.

“Report” xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq. 

Fransada PSJ və İspaniyanın “Real Madrid” komandalarının dueli gərgin mübarizə vəd etdiyi halda, İngilərədə “Liverpul”la Portuqaliya “Portu”sunun qarşılaşması formal xarakter daşıyır.

İlk oyunda Kriştianu Ronaldunun dublu və Marselonun bir qolu ilə 3:1 hesabı ilə qalib gələn madridlilər səfərə üstün durumda yollanıblar. Ardıcıl üçüncü dəfə yarışın qalibi olmağı hədəfləyən “Kral klubu”nu “Park-de-Prens” stadionunda minimal hesablı məğlubiyyət də qane edir.

İspaniyada hesabı açıb, sonradan 3 qol buraxan PSJ növbəti zərbəni Fransa çempionatında alıb. XXVIII tur çərçivəsində "Marsel"ə qarşı keçirilən matçda (3:0) topuğundan zədə alan Neymar 3 aya yaxın oynaya bilməyəcək. Paris təmsilçisinin düşərgəsində müdafiəçi Markinyos və hücumçu Kilian Mbappenin də yüngül zədəsi var. Lakin bu futbolçular oynaya biləcək durumdadırlar.

“Real Madrid”in düşərgəsində yarımmüdafiəçilər - Toni Kroosla Luka Modriç zədəlidirlər. Ancaq hər iki futbolçunun Fransaya aparılması onların meydana çıxmaq ehtimalının böyük olduğunu söyləməyə əsas verir.

Tarixi ərzində 6-cı dəfə 1/8 finala vəsiqə qazanan Paris təmsilçisi bunların ilk 4-də yoluna davam edibsə, ötən mövsüm böyük uğursuzluqla üzləşib. Evdə “Barselona”nı 4:0 hesabı ilə məğlub edən PSJ səfərdə 1:6 hesabı ilə uduzmaqla mübarizəni dayandırıb.

Bu görüş hər iki komandanın baş məşqçiləri - Unay Emeri və Zineddin Zidan üçün də böyük əhəmiyyət daşıyır. Matçın nəticəsi onların aqibətini müəyyənləşdirəcək. Böyük ehtimalla, məğlub mütəxəssis postunu itirəcək.

“Liverpul”la “Portu”nu oyununu formallığa çevirən səbəb ingilslərin səfərdə 5:0 hesabı ilə qalib gəlməsidir. Sadio Manenin het-triki, Muhammed Salah və Roberto Firminonun qolları ilə Portuqaliya təsmilçisini üstələyən meydan sahibləri cütün taleyini böyük ölçüdə həll ediblər.

“Enfild” stadionunda baş tutacaq görüş ərəfəsində “Liverpul”un heyətində ciddi itki yoxdur. “Portu”da isə müdafiəçi Aleks Telles zədə üzündən meydana çıxa bilməyəcək. Həmçinin müdafiəçi Rikardu, yarımmüdafiəçi Danilo və hücumçu Fransisko Soaresin yüngül zədəsi var.

Maraqlıdır ki, hər iki oyunun baş hakimi Feliks adlı almaniyalı referilərdir.

Çempionlar Liqası

1/8 final, cavab oyunları

23:45. PSJ (Fransa) – “Real Madrid” (İspaniya)

Baş hakim: Feliks Brıx (Almaniya)

İlk oyun – 1:3

23:45. “Liverpul” (İngiltərə) – “Portu” (Portuqaliya)

Baş hakim: Feliks Tsvayer (Almaniya)

İlk oyun – 5:0

Son xəbərlər

Orphus sistemi