Bu gün Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq Günün mərkəzi görüşü "Zirə" və "İnter" arasında olacaq
Futbol
10 Aprel , 2017 08:29
Bu gün Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq

Bakı. 10 aprel. REPORT.AZ/ Bu gün Bakı qəsəbələrində keçiriləcək daha 2 oyunla futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq.

"Report"un məlumatına görə, əvvəlcə "Zirə" və "İnter" komandaları üz-üzə gələcək.

Bu görüş hər iki tərəf üçün mühüm əhəmiyyətə malikdir. Qonaqlar uduzmasalar, ən azı bürünc medalları təmin edəcəklər. Qələbə təqdirində, "İnter" hətta ilk 2 pilləyə iddiasını nəzəri cəhətdən saxlayacaq. Qarşılaşmada qalib müəyyənləşməsə, çempionluğa cəmi 2 iddiaçı - "Qarabağ"la "Qəbələ" qalacaq. "Zirə" isə qələbə qazanmaqla ən azı Avropa Liqasına vəsiqə verən 4-cü pillədə möhkəmlənmək istəyir. Çünki bu pilləyə "Sumqayıt", "Kəpəz" və hətta "Neftçi" də iddialıdır.

"Zirə" və "İnter" indiyədək Premyer Liqada 7 dəfə üz-üzə gəliblər. Oyunlardan tərəflər hərəyə 1 qələbə və 5 heç-heçə ilə ayrılıblar. Topların nisbəti də bərabərdir - 5:5. İlk 3 dövrədəki oyunların hamısı eyni hesabla nəticələnib - 1:1. Daha bir özəllik ondadır ki, meydan sahibi olan komanda heç vaxt uduzmayıb.

Turun son oyununda isə Şüvəlanda AZAL "Sumqayıt"ı qəbul edəcək. Artıq Premyer Liqada sonuncu yeri tutacaqları rəsmiləşən "təyyarəçilər"dən fərqli olaraq, "gənclik şəhəri" təmsilçisinə mütləq qələbə lazımdır. Bu, xüsusən, "Zirə"nin məğlub olacağı təqdirdə, böyük əhəmiyyət kəsb edəcək. Düzdür, xal itkisi də Samir Abasovun baş məşqçi olduğu komandanı 5-ci pillədə saxlayacaq. Amma qalan 3 turda "Sumqayıt" daha aşağı pillələrə enməmək üçün autsayderlə görüşdən qalib ayrılmağı bacarmalıdır.

Tərəflər arasında əvvəlki 23 oyunda AZAL 8, "Sumqayıt" 5 qələbə qazanıbsa, 10 görüşdə qalib müəyyənləşməyib. Topların nisbəti "təyyarəçilər"in xeyrinədir - 29:23. Digər tərəfdən, AZAL öz meydanında "Sumqayıt"la keçirdiyi 11 oyunun hamısında qol vurub və heç vaxt uduzmayıb. Ümumilikdə isə son 10 qarşılaşmada qonaq tərəf qələbə qazana bilməyib. İlk 2 dövrədə 1:1 hesablı heç-heçə qeydə alınıbsa, üçüncü dövrənin oyununda "Sumqayıt" AZAL-dan üstün olub - 1:0.

Azərbaycan Premyer Liqası: XXV tur

10 aprel (bazar ertəsi)

“Zirə” – “İnter”

Hakimlər: Ramil Diniyev, Akif Əmirəli, Azər Əsgərov, Rəhim Həsənov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Şahin Cəfərov

Zirə İdman Kompleksinin stadionu, 15:00 (CBC Sport / canlı)

AZAL – “Sumqayıt”

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüqar Bayramov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Füzuli Nəcəfov

“AZAL Arena”, 17:30 (CBC Sport / canlı)

Qeyd edək ki, ilk oyun günündə "Kəpəz" "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib. "Qarabağ"la "Qəbələ" arasındakı görüşdə isə qol vurulmayıb - 0:0.

N Klublar O Q H M T-F X
1 Qarabağ 25 16 5 4 39-12 53
2 Qəbələ 25 13 10 2 43-14 49
3 İnter 24 11 9 4 35-24 42
4 Zirə 24 8 7 9 21-24 31
5 Sumqayıt 24 7 7 10 22-30 28
6 Kəpəz 25 6 9 10 19-26 27
7 Neftçi 25 8 2 15 19-40 26
8 AZAL 24 1 7 16 11-39 10

Son xəbərlər

Orphus sistemi