Bakı. 19 avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının III turuna start veriləcək.
"Report"un məlumatına görə, bu tur azarkeşlər digərlərindən fərqli olaraq 3 oyun izləyəcək.
Buna səbəb "Qəbələ" - "Sumqayıt" matçının "qırmızı-qaralar"ın Avropa Liqasında iştirakı səbəbindən təxirə salınmasıdır.
Günün ilk matçı "Zirə"də baş tutacaq. "Zirə" doğma azarkeşlər önündə AZAL-ı sınağa çəkəcək. 2 oyunda 3 xal toplayan Adil Şükürovun rəhbərlik etdiyi komanda ev oyunundan qalib ayrılmağa çalışacaq. İlk iki turda cəmi bir xal toplayan "təyyarəçilər" isə sonuncu pillədən xilas olmaq üçün səfərdən qələbə ilə dönməlidir. Komandalar bugünədək cəmi 4 dəfə üz-üzə gəlib. Bu görüşlərin ikisində zirəlilər, birində isə Şüvəlan klubu qalib olub. Bir oyunda isə bərabərlik qeydə alınıb.
Turun Bakıda keçiriləcək növbəti oyununda "İnter" və "Kəpəz" komandaları qarşılaşacaq. "Bankirlər" ev oyununda 3 xal qazanarlarsa, turnir cədvəlinin birinci pilləsinə yüksələcəklər. Gəncə klubu isə sonuncu pillələrdən uzaqlaşmaq üçün meydanda vuruşmalıdır. Cütlüyün bu günə qədər keçirilmiş 22 oyununda üstünlük "İnter"in tərəfindədir. Zaur Svanadzenin çalışdırdığı komandanın aktivində 14 qələbə varsa, Şahin Diniyevin komandasında bu göstərici 4-dür. 4 oyunda isə komandalar sülhə razılaşıb.
Azərbaycan Premyer Liqası, III tur
19:00. "Zirə" – AZAL
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Vüsal Qənbərov, Rövşən Rəcəbov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Bakı. Zirə İdman Kompleksinin stadionu
21:00. "İnter" – "Kəpəz"
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Cavanşir Yusifov, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Kərim Ağayev
Bakı. "İnter Arena"
Qeyd edək ki, tura avqustun 21-də keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu ilə yekun vurulacaq.