"Beşiktaş" Türkiyə çempionu oldu

"Beşiktaş" Türkiyə çempionu oldu Türkiyə Super Liqasında 2020/2021 mövsümünün qalibi müəyyənləşib
Futbol
15 May , 2021 23:30
Beşiktaş Türkiyə çempionu oldu

Türkiyə Super Liqasında 2020/2021 mövsümünün qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, "Beşiktaş" komandası tarixində 21-ci, Superliqa keçirilməyə başlayandan isə 16-cı dəfə ölkə çempionu olub.

XLII turda "qara qartallar" səfərdə "Göztəpə" üzərində 2:1 hesablı qələbə qazanıb. Hesabı 10-cu dəqiqədə Domaqoy Vida açıb. 24-cü dəqiqədə Alparslan Öztürk bərabərlik qolunu vursa da, 69-cu dəqiqədə Raşid Gezzal penalti ilə yekun nəticəni müəyyənləşdirib.

Bu qələbə sayəsində "Beşiktaş" xallarını 84-ə çatdırıb.

"Qalatasaray" öz meydanında "Yeni Malatyaspor"a 3:1 hesabı ilə qalib gəlib. İlk qolu 39-cu dəqiqədə qonaq komandadan Adem Büyük vurub. 53-cü dəqiqədə Halil Dervişoğlu, 60-cı dəqiqədə Rayan Babel, 90+3-cü dəqiqədə isə Oğulcan Çağlayan fərqlənərək, "sarı-qırmızılar"ın inamlı qalibiyyətini təmin edib.

Lakin "Beşiktaş" top fərqində "Qalatasaray"dan öndə olduğu üçün birinci pillədə qalıb və 4 ildən sonra qızıl medallara yiyələnib. "Sarı-qırmızılar" gümüş medalla kifayətlənib.

"Fənərbağça" isə səfərdə "Kayserispor"u 2:1 hesabı ilə məğlubiyyətə uğradaraq bürünc medala sahib olub. İlk qolu 18-ci dəqiqədə "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike vurub. 58-ci dəqiqədə "Fənərbağça"dan Xose Sosa penaltini yerinə yetirə bilməsə də, 90-cı dəqiqədə Enner Valensiya, 90+8-ci dəqiqədə Sərdar Azizin qolları ilə əzmkar qələbə əldə edib. Bununla belə, "Fənərbağça" 82 xalla 3-cü pillədə qalıb.

"Kayserispor" isə 41 xalla 17-ci pillədə qalıb və I Liqaya enməkdən qurtulub. Əvəzində "Trabzonspor"a səfərdə 1:2 hesabı ilə uduzan "Gənclərbirliyi" 38 xalla 20-ci yeri tutub və Superliqa ilə vidalaşıb. I Liqaya enən digər klublar isə "Erzurumspor", "Ankaragücü" və "Dənizlispor" olub.

Son xəbərlər

Orphus sistemi