Bərpa olunan Bundesliqa oyunlarından maraqlı məqamlar - VİDEO

Bərpa olunan Bundesliqa oyunlarından maraqlı məqamlar - VİDEO Futbol üzrə Almaniya Bundesliqası koronavirus pandemiyası ilə əlaqədar iki aylıq fasilədən sonra bərpa olunub.
Futbol
16 May , 2020 23:40
Bərpa olunan Bundesliqa oyunlarından maraqlı məqamlar - VİDEO

Futbol üzrə Almaniya Bundesliqası koronavirus pandemiyası ilə əlaqədar iki aylıq fasilədən sonra bərpa olunub.

"Report"un məlumatına görə, XXVI turun mərkəzi görüşündə Dortmund "Borussiya"sı ilə "Şalke" üz-üzə gəlib. "Signal Iduna Park"da keçirilmiş Rur derbisi meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Hesabı 29-cu dəqiqədə Erlinq Holand açıb. Holand Dortmund komandasında yanvarda keçdikdən sonra bütün turnirlərdə 12 oyuna 13 qol vurub. 45 və 63-cü dəqiqələrdə Rafael Gerreyra dubl edib. Daha bir qolun müəllifi isə 48-ci dəqiqədə Torqan Azar olub.

FIFA komandalara hərəyə 5 əvəzetmədən yararlanmaq icazəsi verib. Lakin "Borussiya"da 4 oyunçu dəyişikliyi ilə kifayətlənib. Görüş azarkeşsiz keçsə də, qarşılaşmanın ardından meydan sahibləri boş tribunaları alqışlayıb.

"Borussiya" sonuncu dəfə Rur derbisində 2015-ci ilin noyabrında qalib gəlmişdi - 3:2. "Şalke" üzərində 4 top fərqi ilə darmadağın isə 1966-cı ilin noyabrında gerçəkləşmişdi - 6:2.

Bundesliqa tarində 800-cü qələbəsini qazanan "Borussiya" 26 oyundan 54 xalla 2-ci yeri tutur. "Şalke" isə 37 xalla 8-cidir.

Günün digər matçlarına gəldikdə, baş məşqçisiz "Auqsburq" evdə "Volfsburq"a uduzub - 1:2. Hayko Herrlix görüşü karantin rejimini pozduğu üçün buraxıb.

"Leyptsiq" - "Frayburq" matçında qalib müəyyənləşməyib - 1:1. Texniki zonada adam sayına məhdudiyyət qoyulması üzündən komandaların ehtiyat oyunçuları tribunalara Leyptsiq hava limanından götürülmüş trap vasitəsilə qaldırılıblar.

"Fortuna" - "Paderborn" görüşü qolsuz yekunlaşıb. "Herta" səfərdə "Hoffenhaym"a 3:0, Mönhenqladbax "Borussiya"sı isə Frankfurt "Ayntraxt"ına 3:1 hesabı ilə qalib gəlib.

Mayın 17-də "Köln" - "Maynts" və "Union Berlin" - "Bavariya", mayın 18-də isə "Verder" - "Bayer" matçları keçiriləcək.

Qeyd edək ki, Almaniya Bundesliqası koronavirus pandemiyası dövründə "Böyük 5-lik" çempionatları arasında ilk dəfə bərpa olunub. Bütün oyunlar təhlükəsizlik tədbirlərinə ciddi əməl olunmaqla, stadion ərazisində 322 nəfərlik məhdudiyyətlə keçirilir. Avropada Belarus və Farer adalarında da çempionat keçirilir.

Son xəbərlər

Orphus sistemi