“Barselona”nın qadınlardan ibarət komandasının futbolçusu Aleksiya Putellas klub tarixinin bombardirləri siyahısında Luis Suaresi geridə qoyub.
“Report” “Goal”a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bunu “Real”la qarşılaşmada həyata keçirib.
Madrid təmsilçisi ilə görüşdə qollarının sayını 199-a çatdıran təcrübəli futbolçu “Barselona”nın kişilərdən ibarət komandasının sabiq uruqvaylı hücumçusu Luis Suaresi (198 qol) geridə qoyaraq klub tarixinin həm kişi, həm də qadın bombardirləri siyahısında üçüncü yerə yüksəlib.
A.Putellas ötən mövsüm 182 qolla İspaniya yığmasındakı komanda yoldaşı Cenni Hermosonu keçərək “Barselona”nın qadın komandasında bütün zamanların ən yaxşı bombardiri olmuşdu.
Qeyd edək ki, kataloniyalı yarımmüdafiəçi 2012-ci ildən “Barselona”nın formasını geyinir. O, iki dəfə “Qızıl top”un qalibi olub və 2023-cü ildə İspaniya millisinin heyətində dünya çempionluğunu qazanıb. Hazırda “Barselona”nın bombardirlər siyahısına 672 qolla Lionel Messi başçılıq edir.