"Son nəticələrimiz qəbuledilməz idi. Bu səbəbdən baş məşqçi Ronald Kumanı istefaya göndərməyi qərara aldıq".
"Report"un məlumatına görə, bu fikirləri İspaniyanın "Barselona" klubunun prezidenti Joan Laporta Serxi Barxuanın müvəqqəti baş məşqçi təyin olunması ilə əlaqədar mətbuat konfransında deyib.
O, ağır vaxtda komandanı qəbul edərək ölkə kubokunu qazandırdığı üçün Kumana minnətdarlıq edib: "Kuman bizim üçün daim dahi oyunçu kimi qalacaq. Onun baş məşqçi kimi fəaliyyətini davam etdirməməsi yalnız nəticələrlə əlaqədardır. Vəziyyət dözülməz idi. Komanda təhlükəli duruma düşmüşdü və hər şeyi itirə bilərdi".
Laporta müvəqqəti baş məşqçi Serxi Barxuan barədə də fikirlərini bölüşüb: "Bizim Serximiz var. "Barselona" onun doğma evidir. Fəlsəfəmizi yaxşı bilir. Yeni baş məşqçi tapanadək onun xidmətindən yararlanacağıq".
Qeyd edək ki, Ronald Kuman "Barselona"nın "Rayo Valyekano"ya 0:1 hesabı ilə uduzduğu XI tur oyunundan sonra istefa verib.