İspaniyanın "Barselona" komandasının baş məşqçisi Ronald Kuman Portuqaliyada "Benfika"ya 0:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının qrup mərhələsinin II tur oyunundan sonra mümkün istefası barədə danışıb.
"Report"un məlumatına görə, 58 yaşlı mütəxəssis gələcəyi haqqında heç nə deyə bilməyəcəyini söyləyib.
O, Kataloniya təmsilçisi rəhbərliyinin bu mövzuda nə düşünməsindən xəbərsiz olduğunu bildirib. "Bu, mənim əlimdə deyil. Nə olacağını görəcəyik. Yalnız komandada gördüyüm işlə bağlı fikirlərimi deyə bilərəm. Futbolçuların dəstəyini hiss edirəm. Digər məsələləri bilmirəm".
"Barselona" rəhbərliyinin Kumanı yaxın bir neçə saat ərzində istefaya göndərmək niyyəti yoxdur. Bu gün rəhbərliyin böhran vəziyyətində komanda ilə nə edə biləcəklərinə dair görüş keçirməsi planlaşdırılır.
Kuman istefaya göndəriləcəyi təqdirdə, onu Qətər "Əl-Sədd"inin baş məşqçisi Xavi və ya hazırda Belçika yığmasına rəhbərlik edən Roberto Martinesin əvəzləyəcəyi bildirilir.
Qeyd edək ki, "Barselona" ilk turda Almaniya "Bavariya"sına da eyni hesabla uduzub.