"PSJ ilə oyundan sonra əhvalımız yaxşıdır. Bəli, biz Çempionlar Liqasından kənarlaşdıq, çox təəssüf edirəm, amma "Barselona" cavab görüşündə onların tapşırığını çətinləşdirdi”.
“Report” “Marca”ya istinadən xəbər verir ki, bunları İspaniyanın "Barselona" futbol komandasının baş məşqçisi Ronald Kuman deyib.
“Birinci hissədə əla oyun göstərdik və fasiləyə qədər 2:1 hesabına layiq idik, 2:1 hesabı ilə hər şey başqa cür ola bilərdi. Biz risk edirdik, təzyiq göstərirdik, üstün idik və kifayət qədər şanslar yaradırdıq, amma onlardan istifadə etmədik”, - deyə o əlavə edib.
Baş məşqçi komandanın argentinalı hücumçusu Lionel Messi ilə də bağlı fikirlərini bölüşüb: "Barselona" başqa yolla gedir. Çox təəssüf ki, Messi və Ronaldu 1/4 finalda olmadılar. Amma Lionel öz gələcəyi ilə bağlı özü qərar verməlidir, heç kəs bunda ona kömək etməyəcək. Artıq indi o görür ki, komanda düzgün istiqamətdə hərəkət edir.
Etdiyimiz dəyişiklikləri və böyüyən gənc futbolçu sayını nəzərə alsaq, o, bu komandanın gələcəyinə şübhə edə bilməz. Prezidentimiz də daxil olmaqla, hər kəs fəxr edə bilər. Əsl üzümüzü göstərdik, ilk saniyədən son saniyəyə qədər bu görüşdə qalib gəlmək istəyən “Barselona”nı gördük”, - Kuman deyib.