"Barselona" La Liqanın XII turunda "Atletiko"nu məğlub edib

Futbol
  • 09 noyabr, 2026
  • 02:23
Barselona La Liqanın XII turunda Atletikonu məğlub edib

İspaniya La Liqasının XII turunda "Atletiko" və "Barselona" komandaları arasında keçirilən oyun başa çatıb.

"Report" xəbər verir ki, Madriddəki "Civitas Metropolitano" stadionunda baş tutan qarşılaşmada qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

Hesabı matçın 10-cu dəqiqəsində "Atletiko"nun hücumçusu Culiano Simeone açıb. Qonaqların yarımmüdafiəçisi Fermin Lopes 45-ci dəqiqədə hesabı bərabərləşdirib. Matçın 66-cı dəqiqəsində Lopes dubla imza ataraq, hesabı 2:1 edib.

"Atletiko" La Liqanın XII turundan sonra 28 xalla turnir cədvəlində üçüncü yerdədir. "Barselona" 33 xal qazanaraq yenidən birinci yerə yüksəlib.

"Atletiko Madrid" noyabrın 22-də səfərdə "Xetafe" ilə, "Barselona" isə həmin gün evdə "Vilyarreal"la qarşılaşacaq.