İspaniya "Barselona"sı komandanın futbolçusu Usman Dembeleni əsas heyətdən kənarlaşdıracağı ilə hədələyib.
"Report"un "Foot Mercato"ya istinadən məlumatına görə, bu, fransalı hücumçu yanvarın sonunadək yeni müqavilə imzalamağa razılaşmayacağı halda baş verəcək.
24 yaşlı forvardın hazırkı anlaşması yayda başa çatmalıdır. Dembele Kataloniya klubunun rəhbərliyindən mövsümə 20 - 25 milyon avroluq sözləşmə təklifi alıb. Lakin o, hələlik cavabını ləngidir, agenti isə dekabrın sonlarında oyunçu üçün ilinə 40 milyon avro tələb edib.
Lakin belə bir məbləği yüksək hesab edən "Barselona"nın baş məşqçisi Xavi futbolçu ilə görüşərək, qarşısına şərt qoyub: Ya yanvarda müqaviləni uzadaraq əsas komandanın üzvü kimi qalmalı, ya da yeni sözləşmə imzalamaqdan imtina edərək mövsümün sonunadək əsas heyətdə yer almamalı. Dembele təklifə yaxın günlərdə mənfi cavab versə, klub rəhbərliyi 50 milyon avroluq təklifləri nəzərdən keçirməyə başlayacaq. Hazırda 2018-ci ilin dünya çempionu ilə İtaliya "Yuventus"u yaxından maraqlanır. Hətta onunla şəxsi müqavilənin detallarının razılaşdırıldığı bildirilir.
Qeyd edək ki, 2021/2022 mövsümündə Usman Dembele 11 oyuna 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.