Bakı. 14 may. REPORT.AZ/ "Barselona" klubu bu mövsüm futbol üzrə İspaniya çempionatında ilk məğlubiyyətlə üzləşib.
"Report"un məlumatına görə, kataloniyalılar La Liqanın XXXVII turunda "Levante" ilə səfər matçından 4:5 hesablı məğlubiyyətlə ayrılıblar.
Oyunun gedişində 1:5 hesabı ilə geridə olan "Barsa" fərqi minimuma endirməsinə rəğmən, xal qazanmağa müvəffəq olmayıb. Qalib komandadan Emmanuel Boatenq (dəq. 9; 20; 49) və Enis Bardi (dəq. 46; 56), məğlublardan isə Filippe Koutinyo (dəq. 38; 59; 64) və Luis Suares (dəq. 71 - penalti ilə) fərqlənib.
Bununla da "Barsa" çempionluğu hələ XXXV turda rəsmiləşdirsə də, La Liqanı məğlubiyyətsiz başa vurma rekordunu müəyyənləşdirə bilməyib. Lakin, Kataloniya komandası hələ ötən mövsümdən davam edən belə seriyanı 43 oyunluq rekordla tamamlayıb.
Hazırda 90 xala malik "Barselona" ən yaxın izləyicisi "Atletiko"nu 12 xal üstələyir. Xallarını 46-ya çatdıran "Levante" isə 15-cidir.