Bakı. 10 noyabr. REPORT.AZ/ Bakıda "Futbol matçları zamanı təhlükəsizlik və mühafizə məsələləri" üzrə seminar keçiriləcək.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA-nın təşkilatçılığı ilə noyabrın 15-də Bulvar hoteldə keçirilərək seminar Bakıda 2020-ci ildə Avropa Çempionatının final mərhələsinin (EURO-2020) 4 oyununa hazırlıq məqsədi daşıyır.
Klubların lisenziyalaşdırılması qaydalarının tələblərinə əsasən, klublarda ixtisaslı təhlükəsizlik xidmətinin rəisi və azarkeşlərlə əlaqələndirici şəxslər çalışmalıdır və bu seminar qeyd olunan əməkdaşların maarifləndirilməsinə həsr olunub.
Seminarda beynəlxalq və daxili oyunlar zamanı stadionlarda təhlükəsizlik məsələlərinə cavabdeh olan daxili işlər orqanlarının nümayəndələri, Premyer Liqa və I Divizion klublarının əməkdaşları və fan klub nümayəndələri, AFFA və Peşəkar Futbol Liqasının nümayəndələri, 2017-ci il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının Yerli Təşkilat Komitəsinin təmsilçiləri, UEFA-nın təhlükəsizlik departamentinin əməkdaşları olan Kennet Skott, Mark Timmer və Frosdik Stefen iştirak edəcək.
Seminar zamanı təhlükəsizlik və mühafizə məsələlərinə UEFA-nın yanaşması və konsepsiyası, bu məsələlərə aid milli strategiya və onun icra olunması, müxtəlif orqanların və təşkilatların bu sahədə əməkdaşlığı, stadionlarda təhlükəsizlik və mühafizə məsələləri üzrə məsul şəxslərin vəzifələri, oyun zamanı fan klublarla işin təşkili və s. mövzülar üzrə təqdimatlar olacaq.
Seminarın sonunda iştirakçıların tədbirdə iştirak etməkləri ilə bağlı sertifikat təqdim olunacaq.