Bu gün UEFA-nın futbol üzrə Avropa çempionatının final mərhələsinə ilk dəfə ev sahibliyi edən Azərbaycan daha bir irimiqyaslı mötəbər kütləvi idman yarışının tarixinə adını yazıb. “A” qrupunun Uels-İsveçrə oyunu Bakı Olimpiya Sadionunda keçirilib.
“Report” xəbər verir ki, Bakı Metropoliteni qitə çempionatı ərəfəsində sərnişinlərinə bir neçə sosial əhəmiyyətli yeniliklərini təqdim edib. Səhər saatlarından 7 stansiyada (“İçərişəhər”, “Sahil”, “28 May”, Gənclik”, “Nəriman Nərimanov”, “Koroğlu” və “Nizami”) üzərində “Ask me” yazılmış köynəklərlə könüllülərin fəaliyyətə başlaması metropolitendə artıq girişlərdən futbol həyəcanının başlanmasının bir nişanəsi kimi diqqət çəkib.
Bu günlərdə stansiyalarda monitorlarda, divarlarda isə statik lövhələrdə əks olunmuş mövzular sərnişinləri qitə futbol çempionatının Bakı günlərinə kökləyir. Sosial posterlərdən birinin mövzusu “Özünü qoru, oyundan həzz al” olmaqla sərnişinləri pandemiya şəraitində təhlükəsiz və sağlam qalaraq futbol oyunundan həzz almağa səsləyir. Əsas diqqət çəkən poster isə iki oyununu Bakıda keçirəcək Türkiyə millisinə dəstəyi ifadə edir. Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” ifadəsinin də yer aldığı poster “Türkiyə, ürəyimiz səninlə döyünür” deyə, iki qardaş ölkənin birliyini tərənnüm edir. Bakıdakı oyunların təqviminin də yer aldığı lövhələr isə hər günün tarixi hadisə olduğunu xatırladır.
Gücləndirilmiş iş rejimində çalışan metropolitenin qitə çempionatı ilə bağlı tədbirlər planı üzrə fəaliyyəti “Koroğlu” stansiyasında operativ qərargahdan yönləndirilib. Buradan bütün stansiyalara müvafiq təlimatlar, tapşırıqlar verilib, hər sahənin hazırlığı yoxlanılaraq, nəzarət təmin olunub.