"Şamaxı"nın keçmiş futbolçusu ət kombinatında işləyir

"Şamaxı"nın keçmiş futbolçusu ət kombinatında işləyir Hazırda "Şamaxı" adlanan Bakı "İnter"inin sabiq futbolçusu Mixail Makovski Belarusun Molodeçno şəhəri ətrafındakı ət kombinatında qablaşdırıcı işləyir
Futbol
2 İyun , 2022 10:54
Şamaxının keçmiş futbolçusu ət kombinatında işləyir

Hazırda "Şamaxı" adlanan Bakı "İnter"inin sabiq futbolçusu Mixail Makovski Belarusun Molodeçno şəhəri ətrafındakı ət kombinatında qablaşdırıcı işləyir.

"Report"un məlumatına görə, bu barədə 45 yaşlı keçmiş yarımmüdafiəçinin özü yerli mətbuata müsahibəsində bildirib.

O, Veles-Mit adlanan müəssisədə 12 saat çalışdığını söyləyib: "2020-ci ilin avqustundan burada işləyirəm. Qrafikim elədir ki, iki gün ardıcıl səhər saat 8:00-dan axşam 20:00-dək işdə olur və daha sonra iki gün istirahət edirəm. İstirahətin ardından saat 20:00-dan səhər 8:00-dək ardıcıl iki gecə çalışıram. Fiziki görkəmim normal olduğu üçün belə qrafik mənə əziyyət vermir. Başlanğıcda ağır idi. Sonra isə uyğunlaşmağa başladım".

Makovski keçmiş futbolçular Sergey Rısik və Vladislav Voltsyokun da onunla birlikdə işlədiyini söyləyib. 1000 rubl (500 manat) aldığını deyən sabiq yarımmüdafiəçi bunun Molodeçno üçün normal məbləğ olduğunu diqqətə çatdırıb: "Günorta yeməyinə hesabın 30 faizini ödəyirsən. Qalan 70 faizini müəssisə öz üzərinə götürür. Gecə növbəsində isə kolbası ilə buterbrod verirlər. Özünlə yalnız çay-kofe aparmaq lazım gəlir".

M.Makovski əkiz qardaşı, Bakı "İnter"ində də birlikdə çıxış etdiyi Vladimir Makovski ilə münasibətlərinin hazırda soyuq olduğunu da açıqlayıb: "Düzdür, onunla dalaşmamışam. Lakin şəhərdə təsadüfən görüşəndə də salamlaşmırıq. Üzünü çevirir və yanımdan çıxıb gedir. Ona bir dəfə zəng etmək istədim, düşündüm ki, vəziyyəti pis olar. Amma zəng etmədim. Yeri gəlmişkən, məni Vladimir adlandırırlar. Çünki bizi qarışıq salırlar, mən də bundan incimirəm. Ad günümüzdə də bir-birimizi təbrik etmirik. Molodeçnoda valideynlərimizdən qalan mənzildə yaşayırdıq. O, mənə and içdi ki, evi satmayacaq. Lakin mən Sankt-Peterburqun "Tosno" komandasında işləməyə getdikdən bir həftə sonra evi satdığını öyrəndim. Qardaşımın danışılmış oyunlarda iştirak etdiyini xatırlayırsınız? Görünən odur ki, cərimələri ödəmək lazım gəlib. Hamıya deyir ki, mənzilin satışından mənim payım bankdadır. Amma yoxdur. Mənzilin qiyməti 26-27 min ABŞ dollarıdır. Bu, Molodeçno üçün normal məbləğdir".

Sabiq yarımmüdafiəçi hazırda evinin olmadığını söyləyib: "Mən harada gəldi yaşayıram. Əvvəllər Tatyana adlı 20 yaşlı qadınla qalırdım. İndi də onunla yaşayıram, amma bu yaxınlarda dalaşmışıq. Ona görə də hələlik tanışımın yanında yataqxanada gecələyirəm. İndi isə yaşamağa yer axtarmalıyam. Hazırda qarşımda zəng etmək üçün iki nömrə var. Bunun üçün 60 dollar lazımdır. Ola bilsin sadəcə hər hansı mənzildə otaq götürəcəyəm. Bu, ona görə yaxşıdır ki, evin yiyəsi olan yaşlı qadına qəpik-quruş verirsən və o, sənə yemək hazırlayır".

Qeyd edək ki, Mixail və Vladimir Makovski qardaşları 2004 - 2006-cı ildə "İnter"də çıxış edib. V.Makovski 2018-ci ildə Belarusun "İsloç" komandasında məşqçi vəzifəsində çalışdığı vaxt danışılmış oyunlarda iştirak etdiyi üçün futboldan ömürlük uzaqlandırılıb. M.Makovski isə 2018-ci il fevralın 16-da "Molodeçno" klubuna baş məşqçi təyin olunsa da, azarkeşlər və mətbuatla görüşə içkili gəldiyi üçün 3 gün sonra vəzifəsindən kənarlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi