İngiltərənin "Çelsi" klubu futbolçusu Davide Zappakostanı icarəyə verib.
"Report"un məlumatına görə, 27 yaşlı cinah müdafiəçisi bir il ərzində İtaliyanın "Roma" kollektivində çıxış edəcək. İtaliyalı oyunçu artıq yeni klubunda tibbi müayinədən də keçib.
Qeyd edək ki, Zappakosta 2017-ci ildən "Çelsi"nin formasını geyinir. O, bu il London təmsilçisinin heyətində finalı Bakı Olimpiya Stadionunda reallaşan Avropa Liqasının qalibi olub. Həmin görüşdə "Çelsi" İngiltərənin digər klubu "Arsenal"ı 4:1 hesabı ilə üstələyib.